AZ

Məktəblərdə detektorlar quraşdırılmalıdır –Ekspertdən TƏKLİF

Deputat Qüdrət Həsənquliyev bildirib ki, məktəblərdə uşaqların təhlükəsizliyinə nəzarət kifayət qədər təmin edilmir və bu, bullinq və potensial sosial problemlərə yol aça bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, məktəblərdə uşaqların təhlükəsizliyi həqiqətən də birmənalı şəkildə tam prioritet məsələ kimi görülmür:

"Düşünülür ki, uzun illər ərzində Azərbaycan məktəblərində ciddi cinayət hadisələri və digər insidentlər olmayıb və bu, belə də davam edə bilər. Amma biz qeyd etməliyik ki, dünya artıq qloballaşır, şagirdlər müxtəlif vasitələrlə dünyada gedən proseslərdən xəbərdar olurlar və təəssüf ki, bu xəbərdar olmaq bəzən onların davranışlarına, tərbiyəsinə, mövqeyinə mənfi təsir göstərə bilir. Uşaqlar bir-birlərinin mənfi hərəkətlərindən təsirlənirlər. Yaxın zamanda baş verən hadisədə ("İdrak" liseyində 10-cu sinif şagirdinin riyaziyyat müəllimini güllələməsi - red.) gördüyünüz kimi, həmin uşağın TikTok kanalı var və o, TikTok-da dünyanın müxtəlif ölkələrində insident törətmiş, məktəbdə cinayət törətmiş şagirdlərin videolarını, görüntülərini paylaşıb. Bunların hamısı, əlbəttə ki, diqqətdə saxlanılmalı məsələlərdir. Məktəbdə nizam-intizamdan məsul şəxs, məktəb direktorunun müavini bu məsələləri diqqətdə saxlamalı, mümkündürsə, uşaqların TikTok kanallarını bilməli, öyrənməli və nəzarətdə saxlamalı, məktəbin adı ilə müxtəlif kanalların açılıb-açılmadığını yoxlamalıdır. Yəni artıq məktəb direktorunun da müəyyən səviyyədə sosial media biliyinin olması zəruridir".

Onun sözlərinə görə, bu məsələ virtual dünyada uşaqların təhlükəsizliyi ilə yanaşı, real mühitdə – məktəbin daxilində, həyətində, məktəbə giriş zamanı və digər məkanlarda da onların təhlükəsizliyini əhatə edir.

"Burada söhbət ondan getmir ki, məktəbə gələn bütün şagirdlərin çantaları yoxlanılsın, amma hansısa detektor cihazların quraşdırılması, metalların yoxlanılması kimi tədbirləri görə bilər. Bu, çox vacibdir, çünki bu tip hadisə indi bir dəfə baş verib, ardı da gələ bilər. Yəni bu ehtimal hər zaman mövcuddur. Ona görə də məktəbin təhlükəsizliyi üçün lazımi infrastruktur dəyişiklikləri edilməlidir: yeni qapılar quraşdırılmalı, detektorlar yerləşdirilməli, lazım gələrsə, əlavə işçilər işə götürülməlidir. Bunlar çox vacib məsələlərdir. Əks halda təhlükəsizlik boşluqları insanların yaralanmasına, cinayətə cəlb olunmasına və digər xoşagəlməz hallara gətirib çıxara bilər", - deyə Q.Məhərrəmov bildirdi.

Nuriyyə NATİQQIZI

Seçilən
49
1
redaktor.az

2Mənbələr