AZ

Hər an yeni pandemiya başlaya bilər — Atlardan yoluxur

Son günlər İsveçdə atlarda yeni parapoksvirus növünün aşkar olunması diqqət çəkir. Bu virus əvvəllər qeydə alınmayıb və elmi cəmiyyət üçün yenilik hesab olunur. Məlumata görə, parapoksvirus zoonotik xarakter daşıyır, yəni nadir hallarda insanlara keçmə potensialı mövcuddur. Hadisə həm baytar həkimlər, həm də vətəndaşlar arasında narahatlıq yaradıb.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a danışan infeksionist Adil Qeybulla bildirib ki, viruslar yalnız hüceyrə daxilində yaşaya bilir:

“Onların həyatı və çoxalması üçün hüceyrə mühiti zəruridir. Bəzi viruslar heyvan hüceyrələrində, bəziləri bitki hüceyrələrində, bəziləri isə insan hüceyrələrində yaşayır”, – deyə ekspert açıqlayıb.

Professor Adil Qeybulla zoonotik virusların xüsusilə diqqət çəkdiyini vurğulayıb:

“Zoonotik viruslar heyvanlardan insana keçə bilir. Məsələn, HIV virusu və koronavirus birbaşa heyvanlardan insanlara keçmiş viruslardır. Belə virusların sayı artmaqda davam edir və zamanla insanlara transfer olurlar”, – deyə o bildirib.

Bu keçidlərin arxasında duran əsas amil isə təbiətin tarazlığının pozulmasıdır. Meşələrin qırılması, vəhşi təbiətə müdaxilə və ekosistemin zədələnməsi gizli qalan virusların “gün işığına” çıxmasına səbəb olur.

Ekspertin sözlərinə görə, bu vəziyyət insanların təbii mühitləri məhdudlaşdırması ilə bağlıdır:

“İnsanlar heyvanların yaşadığı sahələri daraldır, onları sıxışdırır və beləliklə, viruslar yeni hostlar tapmaq üçün daha çox imkan qazanır. Viruslar heyvanların əti, məhsulları və ya digər yollarla insanlara keçə bilir”, – deyə Adil Qeybulla açıqlayıb.

Təkamül prosesi virusları daim dəyişməyə və uyğunlaşmağa məcbur edir. Bir növün daxilində zərərsiz görünən struktur digər növə keçdikdə kütləvi epidemiya ocağına çevrilə bilir.

O əlavə edib ki, zoonotik virusların insana keçməsi təbii bir prosesdir:

“Bu viruslar ribonuklein turşusu daşıyırlar və mutasiya qabiliyyətinə malikdirlər. İnsana keçdikdə fərqli davranışlar göstərə və xəstəlik yarada bilərlər. Bu səbəbdən zoonotik virusların yayılması ciddi narahatlıq doğurur və gələcəkdə insan sağlamlığı üçün risklər yaradır”, – deyə infeksionist qeyd edib.

Hazırda elmi dairələrdə parapoksvirusun zoonotik potensialı yaxından izlənilir. Tibbi cəmiyyət bu və buna bənzər virusların gələcəkdə insan sağlamlığı üçün hansı mümkün riskləri yarada biləcəyini diqqət mərkəzində saxlayır. Görünən odur ki, təbiətlə insan arasındakı məsafə daraldıqca bu cür tibbi çağırışların sayı da artacaq.

Seçilən
2
1
konkret.az

2Mənbələr