AZ

ML perspektivləri qayıdış mütləqdir

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan millisi Millətlər Liqasının D Liqasının ikinci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq.

Ötən tsiklda Fernandu Santuşun rəhbərliyi altında C Liqasında uğursuz nəticələr yaşayan və D Liqasına düşən yığmanın budəfəki rəqibləri daha zəifdir. Yalnız Litva yığması aşağı-yuxarı milli ilə başa-baş mübarizə aparacaq gücdədir. Lixtenşteynlə oyunlarda isə 6 xal qazanmaq mütləqdir.

“Transfermarkt”da dəyəri 600 min avro olan “cırtdan ölkə” təmsilçisi ötən Millətlər Liqasında San Marinoya belə uduzub. Onlarla duellərdə xal itirmək milli üçün faciəvi nəticə sayılmalıdır. Ümumiyyətlə, Lixtenşteynin sonuncu qələbəsi ötən ilin oktyabrında Honq Konqla yoxlama oyununda olub. Rəsmi matçlardakı sonuncu qələbə isə 2020-ci ildə elə məhz Millətlər Liqasında San Marinoya qarşı olub.

Azərbaycan yığması buna qədər beş dəfə Lixtenşteynlə üz-üzə gəlib. 1998-ci ildə Avropa çempionatının seçmə mərhələsində bu rəqibə uduzan yığma növbəti 4 görüşdə 3 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Komandalar sonuncu dəfə 2013-cü ildə yoldaşlıq görüşündə Dubayda qarşılaşıb və milli qələbə qazanıb – 1:0.

Litva yığması isə son illərdə inkişafda olan kollektivlərdəndir. “Transfermarkt”da dəyəri 18 milyon avro olan komanda DÇ-2026-nın seçmə mərhələsində Niderland və Finlandiyaya qarşı yaxşı oyun göstərməklə diqqət çəkib. Komandanın heyətində əsas oyunçu yarımmüdafiəçi Qvidas Qineytisdir. 21 yaşlı perspektivli futbolçu İtaliyanın “Torino” klubunda çıxış edir və dəyəri 5.5 milyon avrodur.

Litvalıların rəsmi matçlarda sonuncu qələbəsi ötən ilin sentyabrına təsadüf edir. Komanda Baltika Kubokunda Latviyaya iki cavabsız qolla qalib gəlib. Millimiz Litvaya qarşı buna qədər üç oyun keçirib. 1998-ci ildə birinci matçda qalib gələn yığma 2008-ci ildə litvalılara yoldaşlıq oyununda uduzub. Komandalar sonuncu dəfə 2019-cu ildə yoldaşlıq görüşündə Bakıda üz-üzə gəlib və qolsuz bərabərlik qeydə alınıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
futbolpress.az

1Mənbələr