AZ

Revanşistlərin xortlayan kölgəsi: Köçəryan-Sarkisyan cütlüyünün sonu çatmış oyunu



Əziz Ələkbərli
Milli Məclisin deputatı
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri,


Cənubi Qafqazın taleyi Bakının sarsılmaz iradəsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qlobal strateji dühası ilə yenidən yazıldığı bir məqamda, Ermənistanın rütubətli siyasi zirzəmilərindən gələn uğultular regionun sülh havasını bulandırmağa çalışır. Uzun illər regionu qan gölünə çevirən, xalqların faciəsi və etnik təmizləmə üzərində qanlı səltənət quran Robert Koçaryan və Serj Sarkisyan cütlüyünün yenidən siyasi səhnədə boy göstərməsi, tarixin zibilliyinə atılmış bir xülyanın son çırpıntılarıdır. Onlar elə zənn edirlər ki, vaxtilə mülki insanlara, qocalara və körpələrə qarşı tətbiq etdikləri cəlladlıq metodları ilə bu günün qüdrətli Azərbaycanı qarşısında hansısa bir siyasi dividend qazana bilərlər. Lakin unudurlar ki, qarşılarında artıq ötən əsrin 90-cı illərinin xaotik dövləti deyil, hər addımı riyazi dəqiqliklə hesablanmış, "Dəmir Yumruğu" hər an endirməyə hazır olan polad iradəli bir Lider və vahid bir xalq dayanıb.

Qərbi Azərbaycan İcması olaraq biz, bu revanşist meyillərə, Ermənistanda baş qaldıran yenidən silahlanma ehtirasına və "reallaşmayan yuxulara" qarşı öz kəskin diplomatik bəyanatlarımızla sarsılmaz bir sədd çəkmişik. Yaydığımız bəyanatlarda qırmızı xətlərimiz birmənalı şəkildə ifadə olunub: Ermənistanın məhkəmə sisteminin qondarma separatçı rejimin "dirildilməsi" istiqamətindəki hüquqi təxribatları sadəcə bir kağız parçası deyil, beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hərbi-siyasi təhdiddir. Koçaryan və Sarkisyanın kölgəsində sığınan bu revanşist qüvvələr anlamalıdırlar ki, revanş istəyi onlar üçün suverenliyini itirmiş bir dövlət olaraq tarixdən birdəfəlik silinmək fəlakəti ilə nəticələnəcək. Onların silahlanma arzusu barıt çəlləyi üzərində kibritlə oynamaqdan başqa bir şey deyil.

Bu mürəkkəb geosiyasi şəraitdə cənab İlham Əliyevin misilsiz strateq keyfiyyətlərini xüsusi vurğulamaq lazımdır. Dövlət başçımızın hələ Vətən müharibəsi dövründə bəyan etdiyi o məşhur fikir bu gün Ermənistandakı hər bir revanşist üçün əsl dərs olmalıdır: "Əgər Ermənistanda kimsə revanş haqqında düşünürsə, o, yenə də bizim dəmir yumruğumuzu görəcək. O dəmir yumruq yerindədir." Bu, sadəcə bir xəbərdarlıq deyil, bölgənin gələcəyini yeni qan və göz yaşından qorumaq üçün çəkilmiş strateji bir xəritədir. Cənab Prezident hər bir diplomatik gedişi ilə düşməni iflic vəziyyətinə salır; o, bir tərəfdən ABŞ kimi qlobal güclərlə bərabərhüquqlu tərəfdaşlıq quraraq Azərbaycanın yerini möhkəmləndirir, digər tərəfdən isə ölkə daxilində elə bir qüdrətli ordu və texnoloji baza yaradır ki, Koçaryan və Sarkisyanın xarici havadarlarından aldığı köhnə silahlarla qurduğu "güclü ordu" vədləri bu qüdrət qarşısında sabun köpüyü kimi sönməyə məhkumdur.

Qərbi Azərbaycan İcması məhz bu sarsılmaz dövlət iradəsindən güc alaraq dünya birliyinə öz haqlı səsini çatdırır: Ermənistan həqiqi sülh istəyirsə, bu revanşist cəlladların əlində oyuncağa çevrilməməli, öz ərazisindəki terror yuvalarını və qondarma strukturları birdəfəlik ləğv etməlidir. Ən əsası isə, erməni tərəfi dərk etməlidir ki, sülhün yolu yüz minlərlə qərbi azərbaycanlının öz dədə-baba yurdlarına — Göyçəyə, Zəngəzura, İrəvana və Vediyə təhlükəsiz və ləyaqətli qayıdış hüququnun tanınmasından keçir.

Sarkisyanın "Birinci Qarabağ müharibəsinin qalibləri" kimi gülünc təqdimatlarla ortaya çıxması, onun hələ də 90-cı illərin stereotipləri ilə yaşadığını göstərir. İcmanın bəyanatında qeyd edildiyi kimi: "Əgər Ermənistan məhkəmələri ədalətlidirsə, niyə azərbaycanlıların öz yurdlarından qovulması, məscidlərimizin və qəbiristanlıqlarımızın dağıdılması barədə bir qərar vermirlər?"

Tarix sübut etdi ki, cənab Prezident İlham Əliyev yalnız torpaqları azad edən sərkərdə deyil, həm də sülhü diktə edən və onu qorumağı bacaran böyük bir strateqdir. Onun yaratdığı yeni reallıq daimidir və sarsılmazdır. Koçaryan və Sarkisyanın "revanş" xülyaları isə xalqımızın birliyi, ordumuzun gücü və İcmamızın sönməz qayıdış inamı qarşısında məhvə məhkumdur. Biz öz yurdumuza qayıdacağıq və o gün uzaqda deyil!

Biz bilirik ki, bu "eks"lərin aktivləşməsi onların 2026-cı il seçkilərinə hesablanmış siyasi manipulyasiyasıdır. Lakin bu oyun çox təhlükəlidir. Azərbaycanın qüdrəti və cənab Prezidentin dəmir iradəsi qarşısında bu revanşistlərin heç bir şansı yoxdur. Qərbi Azərbaycan İcmasının bu qətiyyətli duruşu həm də bizim hər birimizin səsi, bütün ulu yurd yerlərimizə qayıtmaq inamımızın sarsılmazlığıdır.

Qoy Ermənistandakı revanşistlər və onların xaricdəki havadarları yaxşı bilsinlər: "Dəmir yumruq" yerindədir və hər hansı bir revanş cəhdinin aqibəti 2020-ci ildəkindən daha acınacaqlı olacaq!





Seçilən
68
aia.az

1Mənbələr