Bərdə rayonunun Gərənə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 12-də saat 20:15-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iki nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Onlardan 2001-ci il təvəllüdlü şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib. 1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, qəza zamanı "Mercedes" markalı avtomobil VAZ-2106 markalı maşınla toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində həlak olub.
Avtomobillərdə olan Vasif İsfəndiyar oğlu Musayev və Elçin Kamil oğlu Əhmədov xəsarət alıblar.
"Cebheinfo.az"