AZ

Ramazan ayında necə qidalanmalı? – Həkim-dietoloqdan açıqlama

Ramazan ayında oruc tutmaq ruh sağlamlığı ilə yanaşı, fiziki sağlamlıq üçün də vacibdir. Ancaq uzun müddət ac qalmaq bədənin balansını poza biləcəyi üçün düzgün qidalanma əsas faktordur.

 

Həkim-dietoloq Şəhriyyə Əhmədova Pravda.az-a açıqlamasında deyib ki, oruc qalmaq, sadəcə ac qalmaq deyil, metabolizmi tənzimləmək fürsətidir: “Düzgün qidalansaq, həm tox qala bilərik, həm də mədəyə və bağırsaqlara yük salmarıq. Səhərlər qan şəkərini stabil saxlamaq vacibdir. Bunun üçün zülal mənbəyi olan yumurta, kəsmik, az yağlı pendir, qatıq, kompleks karbohidrat olaraq tam buğda çörəyi, yulaf, qarabaşaq, faydalı yağ qrupundan hesab edilən 5 - 6 ədəd çiy badam, qoz və ya az miqdarda zeytun, lif olaraq isə xiyar, pomidor, göyərtidən istifadə edilməlidir. Sadə şəkərli qidaların (ağ çörək, şirniyyat, şirin çay) səhər qəbulu tez acdırır və günorta halsızlıq yaradır. Uzun saat aclıqdan sonra birdən-birə ağır yemək mədə spazmı və köp yarada bilər. İftarı 1 stəkan su ilə açmaq tövsiyə edilir. Ardınca isə ilıq şorba (məsələn, mərci və ya tərəvəz şorbası) qəbul edilməli və 10-15 dəqiqə fasilə verdikdən sonra əsas yeməyə keçilməlidir.

Boşqab prinsipi isə belə olmalıdır:

Yarısı tərəvəz

¼ zülal (toyuq, balıq, yağsız ət)

¼ kompleks karbohidrat (qarabaşaq, bulqur, qəhvəyi düyü)

Qızartmalardan və çox yağlı yeməklərdən uzaq durmaq mədə yanması və reflüks riskini azaldır”.

 

Ş.Əhmədova qeyd edib ki, maye balansına diqqət etmək vacibdir: “İftarla sahur arasında 1,5–2 litr su qəbul edilməlidir. Qazlı içkilərdən uzaq durulmalıdır. Çox çay və kofe susuzlaşdırmanı artırır. Ramazanda ən çox edilən səhv hər gün şirniyyat qəbuludur. İstəyiniz varsa, həftədə 1-2 dəfə, iftardan 1-2 saat sonra, az porsiyada yeyə bilərsiniz. Mədə rahatlığı üçün yeməyi yavaş yemək məsləhətdir. İftardan dərhal sonra uzanmaq tövsiyə edilmir. 15-20 dəqiqə yüngül gəzinti həzmi yaxşılaşdırır. Çox yemək yox, düzgün kombinasiyalar həm tox saxlayacaq, həm də enerjinizi stabil edəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 13 Fevral 2026, 11:15   
Seçilən
47
pravda.az

1Mənbələr