AZ

WSJ: ABŞ etirazlardan sonra minlərlə Starlink terminalını gizli şəkildə İrana ötürüb

Vaşinqton İrandakı internet məhdudiyyətlərini aşmaq üçün rejim əleyhdarlarına gizli dəstək göstərib...

Müəlliflər: Aleksander Uord və Robbi Qreymer

The Wall Street Journal nəşri

Tramp administrasiyası ötən ay İranda rejimin etirazları amansız şəkildə yatırmasından sonra ölkəyə minlərlə Starlink peyk internet terminalını gizli şəkildə göndərib. ABŞ rəsmilərinin bildirdiyinə görə, əməliyyatın məqsədi Tehran internetə çıxışı kəskin məhdudlaşdırdıqdan sonra dissidentləri şəbəkə bağlantısı ilə təmin etmək olub.

Məlumata əsasən, İran hakimiyyəti yanvar ayında artan etirazları yatıraraq minlərlə nümayişçini öldürdükdən və internetə çıxışı ciddi şəkildə azaltdıqdan sonra ABŞ ölkəyə təxminən 6 000 ədəd peyk internet komplekti çatdırıb. Bu, ABŞ-nin Starlink sistemlərini birbaşa İrana tədarük etdiyi ilk hal kimi qiymətləndirilir.

Rəsmilərin sözlərinə görə, ABŞ Dövlət Departamenti ümumilikdə 7 000-ə yaxın Starlink terminalı satın alıb və onların əksəriyyəti yanvar ayında əldə edilib. Məqsəd rejim əleyhdarlarının internet blokadalarını aşmasına kömək etmək olub. Qərar Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrinin İranda “internet azadlığı” proqramları üçün nəzərdə tutulan vəsaitlərin bir hissəsini Starlink terminallarının alınmasına yönəltmək barədə razılığa gəlməsindən sonra qəbul edilib.

ABŞ rəsmiləri bildiriblər ki, Prezident Donald Tramp tədarüklər barədə məlumatlı olub. Lakin onun planı şəxsən təsdiqləyib-təsdiqləmədiyi məlum deyil.

Tehran dəfələrlə Vaşinqtonu sübut təqdim etmədən ölkədə kütləvi etirazların qızışdırılmasında və ümummilli nümayişlərin təşkilində iştirakda ittiham edib. Əhalisi 90 milyon olan İranda insanlar uzun illər davam edən iqtisadi səmərəsiz idarəetməyə, milli valyutanın zəifləməsinə və sərt siyasi rejimə qarşı etiraz edirdilər.

ABŞ isə üsyanla hər hansı əlaqəsini inkar edib. Lakin Starlink əməliyyatı göstərir ki, Tramp administrasiyası rejim əleyhdarlarına əvvəl məlum olandan daha geniş dəstək verib. Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Etirazlar zamanı Tramp iranlıları rejimə qarşı çıxışlarını davam etdirməyə çağırmış və “yardımın artıq yolda olduğunu” bildirmişdi. Analitiklər qeyd edirdilər ki, getdikcə daha çox iranlı ABŞ-nin dövlət və hərbi obyektlərə hava zərbələri endirəcəyinə ümid edərək küçələrə çıxırdı. Lakin belə zərbələr həyata keçirilmədi.

Hazırda ABŞ və İran Tehranın nüvə proqramının ləğvi ilə bağlı gərgin danışıqlar aparır. İran uranın zənginləşdirilməsindən imtina etmək istəmir və bunun mülki məqsədlər üçün zəruri olduğunu bildirir. Vaşinqton isə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır. Danışıqların iflası halında Trampın, etirazlardan sonra Yaxın Şərqə göndərilən aviadaşıyıcı zərbə qrupu, hərbi gəmilər və qırıcı təyyarələrdən istifadə etməklə İrana qarşı hücumu sanksiyalaşdıra biləcəyi istisna edilmir.

Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Vaşinqtonda İran məsələsini müzakirə etmək üçün görüşüblər. Tramp Truth Social platformasında yazıb ki, Tehranla nüvə problemi üzrə diplomatik həllə üstünlük verir.

“Əgər bu mümkün olmazsa, onda nəticənin necə olacağını görəcəyik”, deyə ABŞ prezidenti qeyd edib.

İranda Starlink terminalına sahib olmaq qanunsuz sayılır və çoxillik həbs cəzası ilə nəticələnə bilər. Repressiv rejim müstəqil və xarici mediaya çıxışı məhdudlaşdırır. Buna baxmayaraq, analitiklər və fəallar bildirirlər ki, on minlərlə iranlı peyk terminallarından istifadə edərək dövlət filtrləri və senzurasından kənar məlumat mübadiləsi aparır. İran təhlükəsizlik qüvvələri evlərdə və damlarda Starlink avadanlıqlarını axtarır.

Ağ Ev daha əvvəl təsdiqləmişdi ki, yanvar ayında Tramp və İlon Mask etirazlar fonunda iranlıların Starlink vasitəsilə internetə çıxışının təmin olunmasını müzakirə ediblər.

Administrasiyanın Starlink sistemlərini almaq qərarı daxili müzakirələr fonunda qəbul edilib. Bəzi rəsmilər və ekspertlər vəsaitlərin digər mühüm proqramlardan, xüsusilə VPN xidmətlərindən yönləndirilməsinin risklərini qabardırdılar.

Bir neçə ay ərzində yüksək vəzifəli rəsmilər VPN-lərlə yanaşı və ya onların əvəzinə Starlink-i rejim əleyhdarlarını dəstəkləmək üçün ən effektiv vasitə kimi təqdim ediblər. Dövlət Departamentinin Yaxın Şərq üzrə idarəsinə dekabr ayına qədər rəhbərlik etmiş Mora Namdar avqustda dövlət katibi Marko Rubiyoya ünvanladığı memorandumda Starlink terminallarının xüsusi olaraq İrana göndərilməsi üçün alınmasını tövsiyə edib. O yazırdı ki, “idarə müxtəlif VPN və digər internet azadlığı texnologiyalarını maliyyələşdirsə də, internet tamamilə söndürüləndə bu, faydasız olur”.

Namdar uzun illərdir iranlıların rejimi devirmək səylərinin dəstəklənməsinin tərəfdarıdır. O, 2022-ci il etirazları zamanı Newsweek-də yazırdı ki, “sual heç vaxt ‘əgər’ yox, ‘nə vaxt’ İranın islam teokratiyası sona çatacaqdır”. ABŞ, onun fikrincə, “iran xalqının dünyəvi demokratiyaya can atmasını dəstəkləməlidir”. Hazırda Namdar dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi vəzifəsində çalışır və rəsmilərin sözlərinə görə, İran siyasətinin formalaşdırılmasında iştirak etməyə davam edir.

İnternet azadlığı üzrə ekspertlər və bəzi ABŞ rəsmiləri isə VPN-lərin tam maliyyələşdirilməsini müdafiə ediblər. Onların fikrincə, VPN-lər dissidentləri daha yaxşı qoruyur. Onlar həm Starlink, həm də VPN-lərin paralel dəstəklənməsini təklif etsələr də, VPN maliyyəsinin azaldılmasına qarşı çıxıblar. Qeyd olunur ki, VPN olmadan Starlink istifadəsi hakimiyyətə istifadəçilərin geolokasiyasını müəyyənləşdirməyi asanlaşdıra bilər. Bundan əlavə, VPN-lər daha əlçatan və ucuzdur.

Dövlət Departamentinin daxili məlumatlarına görə, 2022-ci il kütləvi etirazları zamanı təxminən 30 milyon iranlı ABŞ tərəfindən maliyyələşdirilən VPN xidmətlərindən istifadə edib. 2025-ci ilin iyununda 12 günlük müharibə zamanı, ABŞ və İsrail zərbələrindən sonra, İran hakimiyyəti interneti demək olar ki, tam söndürürkən iranlıların təxminən 20%-i ABŞ VPN-ləri vasitəsilə məhdud internet çıxışı əldə edə bilib.

ABŞ maliyyəsindən asılı olan bəzi VPN şirkətləri çətinliklərlə üzləşdiklərini bildirirlər. Nəzarətsiz internet çıxışı təqdim edən Psiphon şirkəti hazırda ABŞ-dən 5,9 milyon dollar maliyyə alır, halbuki 2024-cü ildə bu məbləğ 18,5 milyon dollar idi. Şirkətin prezidenti Maykl Hall tədqiqat, inkişaf və əməliyyat xərcləri üçün resursların tükəndiyini bildirib.

“Vaxtımız tükənir”, deyə o vurğulayıb.

Yanvar ayında Psiphon-un İranda 18,4 milyon aktiv istifadəçisi olub. Lakin həmin ay internet demək olar ki, tam söndürüldüyü dövrdə Starlink vasitəsilə cəmi 1 500 istifadəçi qeydə alınıb.

Dövlət Departamenti VPN-lərdən Starlink-ə vəsait yönləndirdikdən sonra İrana xidmət göstərən beş VPN provayderindən ikisinin maliyyələşdirilməsi dayandırılıb. Qalan üçü isə məhdud dəstəklə fəaliyyətini davam etdirib.

Departamentin nümayəndəsi bildirib ki, qurum iranlıların məhdudiyyətlər və kəsintilər zamanı onlayn qalmasına kömək etmək üçün VPN və digər texnologiyalar daxil olmaqla geniş alətlər spektrini dəstəkləyir və bu imkanları beynəlxalq tərəfdaşlarla birlikdə genişləndirir.

ABŞ-nin Qlobal Media Agentliyinin baş direktorunun müavini Kari Leyk də VPN-lər əvəzinə Starlink-ə prioritet verilməsini müdafiə edib və agentliyin vəsaitlərinin terminalların alınmasına yönləndirilməsini təklif edib. O bildirib ki, agentlik VPN-lərə milyonlarla dollar xərcləyir və “İranın cəsarətli insanlarına informasiya çatdırmaq üçün bütün mümkün üsullardan istifadə edir”.

ABŞ rəsmiləri uzun müddətdir Starlink-in İrana göndərilməsi imkanını müzakirə edirdilər və bəziləri bunu internetə çıxışı təmin etməyin ən riskli variantı hesab edirdi. Əməliyyatın həm avadanlığı çatdıran amerikalılar, həm də onu qəbul edən iranlılar üçün riskləri, eləcə də terminalların rejim tərəfdarlarının əlinə keçməsi ehtimalı narahatlıq doğursa da, bu risklər alış və tədarükdən imtina üçün yetərli sayılmayıb.

Bundan əlavə, bir neçə ABŞ qeyri-hökumət təşkilatının da iranlılara Starlink terminallarının əldə edilməsində yardım etdiyi bildirilir.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr