AZ

"Əgər Pezeşkiyana səlahiyyətlər dövr edilərsə..." 

"İrana ABŞ və İsrail müdaxilə etməsə belə durum getdikcə ağırlaşacaq. İqtisadiyyat çökür. ABŞ-ın İranı demək olar ki, mühasirəyə alması nəticəsində müharibəyə hazır vəziyyətdə davam etməyə məcbur olan rejim bütün gəlirləri mümkün hücum və müdafiəyə yönəldib. Prezident Pezeşkiyan bəyan edib ki, onun aylıq maaşı 1000 dollara enib. Bu durum davam edərsə əhalinin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşaraq son həlledici ölüm-qalım üsyanına qalxmağa vadar edəcək. Mollalar ölkəni siyasət və ədalətlə deyil, kin-küdurət, nifrət, təkəbbür və qəzəblə idarə edirlər ki, bu da xalqın məhvinə gətirib çıxarır". 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, Prezident Pezeşkiyanın çalışmaları, rejim başçılarına nəsihətləri hələ ki, fayda vermir: 

"Əhalinin etirazlarında günahın hakimiyyətdə olmasını konkret bəyan edən prezidentə demək olar ki, hələ də normal səlahiyyət verilmir. Hətta ötən günlərdə dövlət televiziyası onun çıxışını yarımçıq kəsdi, jurnalistlər ona "cənab prezident" yox, "ağayı doktor" (cənab həkim) deyə müraciət etməyə başlayıblar. Prezident qonşu ölkələrə təşəkkür edərək onlara qarşı söyüş, təhqir, böhtan kampaniyası aparmamağa çağırsa da, mollalar tam əksinə, yenə də Azərbaycanı, Türkiyəni şərləməyə davam edirlər. Demək pərdə arxasından Şəms Lahicilər, Müctəhid Kərəkilər mollalara işarə verir ki, ona fikir verməyin, işinizdə olun. Şübhəsiz ki, prezidenti nüfuzdan salmağa yönəlik Sepah və radikal, mühafizəkar dairələr işlər görürlər. 

Yeganə yol, ali dini liderin səlahiyyətlərini prezidentə dövr edərək ölkənin bütün güc strukturlarını ona tabe etməsidir. Bu, bir neçə mərhələdə baş verə bilər. Qartımış molla rejimi artıq düşünmə qabiliyyətini də sanki itirib. Əgər özünü ələ ala bilsə, idarəetmə strukturlarında reform apararaq referendum da keçirilə bilər. Hazırki sistemin qalması yaxud getməsi xalq tərəfindən müəyyən olunar. 

Əgər prezident Pezeşkiyana səlahiyyətlər dövr edilərsə o İranı xilas edə bilər. Hakimiyyət hər hansı reformist addım atmasa iqtisadi vəziyyət yaxın zamanda dözülməz həddə çataraq yenidən xalqın ayaqlanmasını labüd edəcək. Bu dəfə də xalq qalxsa, fürsəti əldən verməyib ABŞ bir yandan, İsrail digər yandan müdaxilə edəcək ki, onda da ara qarışıb məssəb itəcək. Rejim də çökəcək, xalq da qırılacaq, Pezeşkiyanın aqibəti də Allah bilir, qalacaq yoxsa gedəcək... 

Amma hazırki rejim elə bir xain rejimdir, son anda görsələr hakimiyyət Pezeşkiyana keçir, özləri çalışacaq ki, ona da qalmasın. Necə ki, Bəşşar Əsəd Moskvaya qaçarkən iki daşın arasında macal tapıb ölkədə strateji nöqtələrin koordinatlarını İsrailə ötürə bilmişdi ki, qarşılığında onun təyyarəsini vurmasınlar. Hazırki molla rejiminin batini dairələri də, şübhəsiz ki, islahatçı və türk əsilli olduğu üçün, xüsusən də Azərbaycan və Türkiyəyə rəğbət bəslədiyindən Pezeşkiyana nifrət bəsləyirlər. 

Prezident açıq - aşkar rejimin mahiyyətini dəyişməyə məcbur olduğunu ifadə edir. Mütləq reform, islahat, köklü dəyişikliklərin vacib olduğunu qeyd edir. Amma rejim isə bu barədə nəinki düşünür, əksinə xalqı və beynəlxaq aləmi bəzi manevrlərlə aldatmağa çalışır. 

Kənar müdaxilə olmasa belə ölkəni müharibə vəziyyətində saxlamaq çox davam edə bilməz. Siyasi gərginlik hakimiyyətin daxilində parçalanmaya gətirib çıxaracaq və xalq yenidən ayaqlanacaq". 

Vasif ƏLİHÜSEYN

Seçilən
32
adalet.az

1Mənbələr