AZ

Sosial sığortada yeni qayda

Azərbaycanda sosial sığorta sistemində uçot yalnız FİN ilə aparılacaq.

Azreform.info  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklikdə əksini tapıb.

Layihədə qeyd olunur ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə əlaqələndirilir.

Hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Qeyd edək ki, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır.

Bununla əlaqədar sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb.

Qanun layihəsində sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bu dəyişikliklər sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək.

Beləliklə, sözügedən layihənin qəbul edilməsi sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Mürtəza

Seçilən
8
16
azreform.info

10Mənbələr