AZ

“Sanki gül almaq ideoloji pozuntudur” Çinarə Ömray yazır...

ain.az bildirir, Adelet.az portalına istinadən.

Hər il fevralın 14-ü gələndə eyni müzakirə başlayır: 

“Bu bizim bayram deyil.”, 

“Kökü xristianlığa gedib çıxır.”,

“Valentin kimdir ki?” və.s...

Ad çəkirlər — Müqəddəs Valentin.

Və məsələni bağlanmış hesab edirlər. Mən isə hər dəfə bu yerdə düşünürəm:

Sevgi nə vaxtdan milliləşdi, hansı tarixdə ürəyə sərhəd çəkildi? Ürək döyünəndə o səs hansı dildə çıxır?

Bəli, həmin bu günün adı bir müqəddəsə bağlanır. Tarixi var, əfsanəsi var... Amma açığı, yaradıcısı müqəddəs Valentin yox, müqəddəs qurbağa da olsa idi mən yenə də bu günü dəstəkləyərəm. Çünki məsələ günü kimin yaratması deyil, məsələ günün nəyi xatırlatmasıdır! Əgər səbəb sevgidirsə, mən o səbəbin yanındayam...

... Bugün dünya müharibələrlə, fəlakətlərlə, xəbərlərin qaranlıq başlıqları ilə doludur. Səhər xəbərləri açırıq — qan, axşam sosial şəbəkəyə daxil oluruq — nifrət. 

Küçədə tələskən, yorğun, əsəbi insanlar...

Belə bir vaxtda adı “sevgi” ilə başlayan bir günü niyə bu qədər səylə silməyə çalışırıq? Maraqlıdır, “14 fevral”ı təqvimdən çıxarsaq nə dəyişəcək? İnsanlar daha mərhəmətli olacaq? Müharibələr dayanacaq? Yoxsa sadəcə bir bəhanə azalacaq — kiməsə “səni düşünürəm” demək üçün?

Bəzən elə davranırıq ki, sanki sevgi təhlükəlidir, sanki gül almaq ideoloji pozuntudur, sanki bir mesaj yazmaq milli kimliyə zərbədir. Amma nifrətin mənşəyini heç soruşmuruq, onun hansı mədəniyyətdən gəldiyini araşdırmırıq. Çünki nifrətə bəhanə lazım deyil...

Əslində məsələ Valentin deyil, məsələ budur ki, biz çox vaxt işığı böyütmək əvəzinə işığın üstünü örtürük... “Bizdən deyil” deyə-deyə, ürəyimizdən olan şeyləri də uzaqlaşdırırıq. Halbuki sevgi heç vaxt yad olmur. Yad olan laqeydlikdir, yad olan soyuqluqdur, yad olan “mənə nə”dir!

Bəlkə də “14 fevral” bir bayram yox, sadəcə bir xatırlatmadır:

Sevməyi unutma, deyə bilmədiyini de, gec olmadan hiss etdiyini etiraf et, yanında olanın qiymətini vaxtında bil!

Dünya bu qədər qaranlıqla mübarizə apararkən, biz sevgi ilə bağlı bir günü də ləğv etməyə çalışırıqsa, problem təqvimdə deyil, problem baxışımızdadır...

Qaranlıq özü-özünə böyüyür, işıq isə böyüdülməlidir.

“14 fevral”ı qəbul etməyə bilərsən, amma sevgini ləğv etmə!..

... Tarixlər dəyişir, adlar müzakirə olunur, mənşə araşdırılır, amma insanın içindəki boşluq heç vaxt təqvimlə dolmur.

Sevgi bir günün icadı deyil ki, ləğv ediləndə yox olsun.

Sevməmək isə çox asandır. Bunun üçün nə müqəddəs lazımdır, nə də ki tarix.

Mən işığın kim tərəfindən yandırıldığı ilə yox, yanıb-yanmaması ilə maraqlanıram. Çünki qaranlıq sübut istəmir, işıq isə seçimdir...

Çinarə Ömray

yazıçı-ssenarist,

AYB-nin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
adalet.az

3Mənbələr