Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Federal Təhqiqat Bürosunun – Federal Bureau of Investigation (FBI) 5 milyon dollar mükafat vədi ilə axtardığı haker Maksim Yakubetsin fəaliyyəti Rusiya hərbi-sənaye kompleksi və kibertəhlükəsizlik bazarı ilə bağlı mürəkkəb əlaqələri yenidən gündəmə gətirib.
AzPolitika” Qərb mediasına istinadla bildirir ki,2019-cu ildə beynəlxalq axtarışa verilən Yakubets “Evil Corp” qruplaşmasının lideri kimi tanınır. FTB-nin məlumatına görə, qrup tarixdə ən təhlükəli bank troyanlarından sayılan Dridex virusunun müəllifidir və bu proqram vasitəsilə yüz milyonlarla dollar vəsait mənimsənilib. 2020-ci ildə ABŞ-ın naviqasiya və “ağıllı saat” istehsalçısı Garmin şirkətinə qarşı kiberhücumda da “Evil Corp”un adı hallandırılıb.
Yakubets 2019-cu ildə FSB-nin “Vımpel” xüsusi təyinatlı dəstəsinin veteranı Eduard Benderskinin qızı ilə ailə qurub. Sonradan ABŞ Maliyyə Nazirliyi Benderskiyə sanksiya tətbiq edib və onu “Evil Corp” ilə Rusiya kəşfiyyat strukturları arasında əlaqələrin qurulmasına yardım etməkdə ittiham edib.
Benderskinin adı 2019-cu ildə Berlində Gürcü əsilli Zelimxan Xanqoşvilinin qətli ilə bağlı istintaq materiallarında da çəkilib. Həmin hadisədə təqsirləndirilən Vadim Krasikovun FSB-nin “Vımpel” bazasında hazırlıq keçdiyi bildirilirdi.
2023-cü ildən Benderski Rusiyanın ən qədim elmi müəssisələrindən biri – Moscow Scientific Research Institute of Radio Communications (MNIIRS) ilə əlaqələndirilir və 2025-ci ildə direktorlar şurasının sədri kimi təqdim olunub. 1927-ci ildən fəaliyyət göstərən institut hökumət və kosmik rabitə sistemləri, aviasiya raketləri üçün elektronika və peyk rabitə texnologiyaları hazırlayır. Onun VSAT terminalları əsasən “Ekspress” və “Yamal” peyk sistemləri üzərindən işləyir və tez-tez SpaceX şirkətinin Starlink layihəsi ilə müqayisə olunur.
Benderski eyni zamanda informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “Simplity” və “Oxygen” layihələri ilə də əlaqələndirilir. “Oxygen” data-mərkəz və bulud xidmətləri təqdim edir, FSB-dən kriptoqrafiya fəaliyyəti üçün lisenziya alıb və Rusiya bank sektorunun bir sıra iri qurumlarına xidmət göstərir.
2024-cü ildə Böyük Britaniyanın Milli Cinayət Agentliyi “Evil Corp”un 2019-dan sonra parçalandığını bildirsə də, Yakubetsin Moskvada sərbəst yaşadığı və ABŞ-ın 5 milyon dollarlıq mükafat təklifinin hələ də qüvvədə qaldığı vurğulanır.
Beləliklə, ekspertlərin fikrincə, bu hadisə kibercinayət şəbəkələri, dövlət təhlükəsizlik strukturları və hərbi-sənaye müəssisələri arasındakı sərhədlərin nə dərəcədə şəffaf olduğu ilə bağlı ciddi geosiyasi və texnoloji suallar doğurur. Moskva ittihamları rədd edir, Vaşinqton isə axtarışı davam etdirir.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.