AZ

Zelenski Trampa müraciət edir

Ukrayna prezidenti ən güclü müttəfiqini sülh şansını qaçırmamağa çağırır...

Müəllif: Simon Shuster - The Atlantic jurnalının ştatlı müəllifi. O, təxminən iki onillikdir silahlı münaqişələri və avtoritar rejimlərdən yazır.

Volodimir Zelenski Donald Trumpa onun anlaya biləcəyi dildə müraciət edir: əgər Tramp öz irsini sülhməramlı kimi möhkəmləndirmək və Respublikaçıların aralıq seçkilərdə qələbə şansını artırmaq istəyirsə, bu məqamdan istifadə edərək Ukraynadakı müharibəni, Avropada son nəsillərin ən ölümcül müharibəsini dayandırmalıdır.

“Düşünürəm ki, Tramp üçün Rusiya ilə Ukrayna arasındakı müharibəni dayandırmaqdan böyük qələbə yoxdur. Onun irsi üçün bu, bir nömrəlidir”, deyə Zelenski dünən Kiyevdəki ofisində mənə dedi.

Zelenskinin sözlərinə görə, bu, noyabrda Respublikaçılar üçün də uğur yoludur.

“Tramp üçün ən sərfəli vəziyyət bunu aralıq seçkilərdən əvvəl etməkdir. Bəli, o, daha az ölüm istəyir. Amma əgər biz sizinlə böyüklər kimi danışırıqsa, bu, onun üçün sadəcə qələbədir - siyasi qələbə”, deyə o, müharibəni bitirmək imkanından danışarkən bildirdi. “”.

Bu vaxta qədər Zelenski Trampı nəyin hərəkətə gətirdiyini yaxşı anlayır. Lakin o, Trampın həqiqətən Rusiyanı kompromisə məcbur etmək şanslarını qiymətləndirərkən realistdir. Ofisində birlikdə keçirdiyimiz bir saat ərzində Zelenski illər, hətta onilliklər boyu onun xarakterini müəyyən edən keyfiyyəti nümayiş etdirdi: xarici təzyiqə qarşı inadkar, bəzən qıcıqlandırıcı müqavimət meyli. Uzun illərdir onunla çalışan müşavirlərindən biri anonimlik şərti ilə mənə dedi: “əgər Zelenskiyə nəyi isə etməlisən, desəniz, o, böyük ehtimalla əksini edəcək. Həmişə belə olub”.

Onun yaxın ətrafındakı bəzi şəxslər narahat olmağa başlayıblar ki, razılaşma üçün imkan pəncərəsi bağlanır və əgər bu yaz saziş əldə olunmasa, Ukrayna daha illərlə döyüşməyə məcbur qalacaq. Lakin Zelenski mənə dedi ki, o, xalqını pis razılaşmanı qəbul etməyə məcbur etməkdənsə, ümumiyyətlə saziş bağlamamağı üstün tutar. Dörd illik intensiv müharibədən sonra belə, o bildirir ki, ləyaqətli və davamlı sülh naminə lazım gələrsə, mübarizəni davam etdirməyə hazırdır.

Ukrayna uduzmur”, deyə Ukrayna prezidenti döyüş meydanındakı vəziyyəti qiymətləndirməyimi xahiş etdikdə vurğuladı.

Demək olar ki, dörd il əvvəl Rusiyanın genişmiqyaslı işğalından bəri onun ofisində bir çox təhlükəsizlik tədbirləri yumşaldılıb. Müharibənin ilk günlərində qapıları barrikadaya almaq üçün istifadə edilən stullar və velosiped dayaqları artıq yığışdırılıb. Dəhlizlərdə işıq yanır və əməkdaşlar artıq fənərlərlə hərəkət etmirlər. Lakin 2022-ci ilin ağır həftələrini xatırladan bəzi izlər qalmaqdadır və o vaxt düşmən qüvvələri Kiyevin kənarında dayanmışdı. Bankova küçəsindəki kompleksin əsas girişində hələ də qum kisələri var. Fotoqrafımın xahişi ilə prezident pəncərəyə yaxınlaşıb jalüzləri qaldırmaq istəyəndə, mühafizəçisi dərhal irəli atılıb onları yenidən bağladı. Qaydalar belədir.

Zelenski etiraz etmir. Dörd il demək olar ki, hər şeyə alışmaq üçün kifayət qədər müddətdir və prezident hesab edir ki, Ukrayna həm paytaxtda, həm də müharibənin faktiki olaraq dalana dirəndiyi şərqdə uğur qazanıb. Piyada çatışmazlığını kompensasiya etmək üçün pilotsuz aparat ordusundan istifadə edən Ukrayna bir çox cəbhə xəttində Rusiya qüvvələrinin irəliləyişini ləngidib, bəzi istiqamətlərdə isə tam dayandırıb. İşğalçılar təxminən iki ildir ki, müharibədən əvvəl əhalisi 60 minə yaxın olan, dəmir yolu qovşağı sayılan Pokrovsk şəhərini ələ keçirməyə çalışırlar, lakin tam nəzarət qura bilməyiblər. Ukrayna hesablamalarına görə, Rusiyanın tutduğu hər kvadrat kilometr ərazi onun ordusuna 100-dən çox hərbçi - həlak olan və ya ağır yaralanan bahasına başa gəlir, aylıq orta itkilər isə 35 min nəfərə çatır.

Yanvarda yeni təyin olunan müdafiə naziri Mixail Fyodorov Rusiya itkilərini ayda 50 minə çatdırmaq planını açıqlayıb. Onun sözlərinə görə, bu rəqəm Moskvanın səfərbər edə biləcəyi yeni əsgərlərin sayını aşacaq. Keçən ay Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin dərc etdiyi tədqiqata əsasən, bu yazadək hər iki tərəfdə həlak olan, yaralanan və itkin düşənlərin ümumi sayı 2 milyona çata bilər. Bu isə İkinci Dünya müharibəsindən bəri Avropada ən yüksək göstəricidir. Əhalisi Ukraynadan üç dəfədən çox, nominal ÜDM-i isə təxminən on dəfə böyük olan Rusiya bu dəhşətli itkilərə daha asan tab gətirə bilir. Ukraynanın müttəfiqləri anlayırlar ki, tükəndirmə müharibəsinin riyaziyyatı onların xeyrinə deyil. Kiyevə hərbi yardımın tədarükünə nəzarət edən NATO ölkələrindən birinin generalı dedi: “Kimsə Rusiyanın təslim olub evinə qayıtmasını gözləyirsə, çox gözləməli olacaq. Bu baş verməyəcək”.

Buna baxmayaraq, Zelenski alçaldıcı şərtləri qəbul etməyəcəyini təkrar edir. Onun inadı bəzilərini qıcıqlandırır, digərləri isə bunu bütün millətin dözümlülüyünün təzahürü sayır.

“Biz müharibəni bitirməyə tələsirik”, deyə o, bildirdi və əlavə etdi ki, bu, istənilən qiymətə razılaşma bağlamaq demək deyil.

Tramp fərqli hərəkət edir. Seçki kampaniyası zamanı o, vəzifəyə başladıqdan sonra bir gün ərzində Ukraynaya sülh gətirəcəyini vəd etmişdi və bir il davam edən uğursuz diplomatik cəhdlər onu qıcıqlandırmaqda davam edir. Zelenski bunu hiss edir — rəqibləri də həmçinin. ABŞ-də seçki kampaniyası danışıqlar otaqlarında bir növ geri sayım effekti yaradıb və ruslar anlayırlar ki, Ağ Evin diqqəti tezliklə Konqres seçkilərinə yönələcək. Həmin ana qədər isə imkan var.

“Ruslar bu vaxtdan istifadə edib müharibəni bitirə bilərlər, hələ ki prezident Tramp həqiqətən bunda maraqlıdır. Hələ ki bu, onun üçün çox vacib və dəyərlidir”, deyə Zelenski vurğuladı.

Bir qədər fasilədən sonra o əlavə etdi: “'Dəyərli' sözü kiməsə həddindən artıq merkantil görünə bilər. Amma gəlin dürüst danışaq”.

Keçən həftənin sonunda Əbu-Dabidə uzun danışıqlar günündən sonra ukraynalı nümayəndələr Kiyevdə hesabat gözləyən rəhbərləri ilə əlaqə saxlamaq üçün telefonun ətrafına yığışdılar. Rusiya ilə danışıqların ən həssas detalları,  məsələn, sülh müqabilində ərazi güzəşti zərurəti yalnız üzbəüz müzakirə edilməli idi. Zəngin ələ keçirilməsi riskli idi. Amma əsas problemlər çatdırıldı: Kreml ərazi tələblərindən geri çəkilmir, amerikalı vasitəçilər isə səbirsizləşir.

Ukraynalılar vaxtın daraldığını hiss edirdilər. Yaxın həftələrdə kampaniya Trampın diqqətini daha çox cəlb etdikcə, o, danışıqların siyasi baxımdan sərfəsiz olduğunu düşünə bilər. O zaman diplomatiyanın iflasına görə məsuliyyəti tərəflərdən birinin və ya hər ikisinin üzərinə ataraq prosesdən çıxa bilər. Təxminən bir ildir, Zelenskinin ötən ilin fevralında Oval kabinetdə Tramp və vitse-prezident Venslə açıq mübahisəsindən bəri ukraynalılar kompromisə hazır olduqlarını nümayiş etdirməyə çalışırlar.

“Seçdiyimiz taktika budur ki, amerikalılar müharibəni davam etdirmək istədiyimizi düşünməsinlər. Ona görə də prosesi sürətləndirən istənilən formada onların təkliflərini dəstəkləməyə başladıq”, deyə Zelenski bildirdi.

Ukraynalılar faktiki olaraq Putinin və onun generallarının hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması ilə bağlı əvvəlki tələblərindən geri çəkiliblər. Zelenski Moskva istisna olmaqla, istənilən yerdə Putinlə ilkin şərtsiz görüşməyə razıdır. Onun iki müşaviri mənə bildirdi ki, Ukrayna ən ağır güzəştə, Donetsk vilayətinin bir hissəsinə nəzarətdən imtina etməyə hazır ola bilər.

Belə kompromisi legitimləşdirmək üçün bu yaz sülh planı üzrə referendum keçirmək, yəni ərazi itkisini nəzərdə tutan razılaşmaya ukraynalıların səs verməsinə imkan yaratmaq variantı nəzərdən keçirilir. Bu, 2019-cu ildən bəri ilk dəfə Zelenskiyə yeni mandat vermək üçün prezident seçkiləri ilə birləşdirilə bilər. (İşğaldan bəri seçkilər qeyri-müəyyən müddətə təxirə salınıb.)

Zelenski belə yanaşmanı dəstəkləyəcəyini dedi, çünki bu, seçici fəallığını artırar və Rusiyanın nəticələri şübhə altına almasını çətinləşdirər. Lakin o yenə də vurğuladı: razılaşma düzgün olmalıdır.

“Pis razılaşmanı referenduma çıxarmağın tərəfdarı deyiləm”, deyə deyd elədi. Onun sözlərinə görə, müharibə vaxtı seçki ideyası ruslardan gəlir, “çünki onlar məndən qurtulmaq istəyirlər”.

Trampın vasitəçi kimi diqqətini itirmək riskinə baxmayaraq, Ukrayna lideri israr edir: sülhə ilk addım ABŞ-nin və Avropanın atəşkəsdən sonra Ukraynanı gələcək Rusiya aqressiyasından qoruyacağına dair təminatlar verməsidir. Əks halda, atəşkəs mənasız olacaq, yeni müharibəyə hazırlıq üçün sadəcə fasilə kimi qəbul olunacaq. Lakin bu məsələ üzrə danışıqlarda irəliləyiş açıq şəkildə bəyan ediləndən azdır. Keçən ayın sonunda Zelenski ABŞ-dən təhlükəsizlik təminatları üzrə sazişin imzalanmağa “100 faiz hazır” olduğunu demişdi. “Tarix və yerin təsdiqini gözləyirik”, deyə Ukrayna prezidebti vurğulamışdı.

Dəvət gəlmədi və Zelenski etiraf etdi ki, əsas məsələlər açıq qalır. Məsələn, atəşkəs pozularsa, ABŞ Ukrayna üzərində Rusiya raketlərini vuracaqmı? “Bu hələ qeydə alınmayıb”, deyə Zelenski əlavə etdi.

Amerika tərəfinin cavabları hələ də çox qeyri-müəyyəndir. “Bütün bunlar yazılı şəkildə təsbit olunmalıdır”, deyə Zelenski vurğuladı.

İllər boyu Zelenski ABŞ hökumətinin və Ukraynada bir çox yaxın müttəfiqlərinin ofisinin rəhbəri və baş danışıqlarçı Andrey Yermakı işdən çıxarmaq tələbinə müqavimət göstərmişdi. Hakimiyyətpərəst və nümayişkaranə üsluba meyilli Yermak bir sıra Qərb diplomatları və Zelenskinin ətrafındakı demək olar ki, hər kəslə konfliktə girirdi. Yalnız ötən payız, antikorrupsiya istintaqı çərçivəsində Yermakın evində axtarış aparıldığı gün prezident onu vəzifədən azad etməyə razılaşdı. Bununla belə, müsahibəmizdə Zelenski bu istintaqın qərarına təsir etdiyini etiraf etmədi. “Öz səbəblərim var idi”, deyə o, bu mövzunu kəsərək dedi.

Noyabrın sonunda, vəzifədən azad edilməsindən bir gün əvvəl Yermak ABŞ ilə son danışıqlar raundunu müzakirə etmişdi. Onların müzakirələri Ukraynanın qəbul edə biləcəyi şərtlərlə müharibəni dayandırmaq üçün 20 maddəlik planın hazırlanması ilə yekunlaşmışdı. Yermaka görə, bu çərçivə sənədi maraqlarımıza zidd deyildi və qırmızı xətlərimizi nəzərə alır.dı O vaxtdan amerikalı və ukraynalı danışıqlarçılar bu sənədi müzakirələrin əsası kimi istifadə edirlər. Lakin ruslar onun bir neçə bəndini, xüsusən də ABŞ-nin Ukraynanın təhlükəsizliyinə zəmanət verəcəyi öhdəliyini rədd ediblər.

Kremlin məyusluğuna səbəb olan digər məqam isə planın Ukraynanı əraziləri rəsmi şəkildə Rusiyaya güzəştə getməyə məcbur edən hər hansı müddəadan yayınmasıdır.

“Zelenski prezident olduğu müddətdə heç kim bizim ərazidən imtina edəcəyimizi gözləməsin. Ukrayna Konstitusiyasına və xalqına qarşı getmək istəməyən heç kim bunu edə bilməz”, deyə Yermak demişdi.

Yermakın varisi, general-leytenant və hərbi kəşfiyyat rəhbəri Kirill Budanov hazırda Ukrayna danışıqlar qrupuna rəhbərlik edir. Budanov hətta ərazi məsələsində daha kompromisə meyilli görünür. O, prezidentin köməkçiləri ilə Donetsk vilayətinin bəzi rayonlarından çıxmağın hüquqi və praktik şərtləri barədə uzun müzakirələr aparıb ki, ruslar daha irəli gedib onları tam ələ keçirməsin. Bu müzakirələrdə iştirak edən rəsmilərdən biri isə deyib: “Onlar insanların bunu qəbul edə bilməsi üçün yaradıcı yollar tapmağa həqiqətən çalışırlar”.

Bu arada Zelenski Trampın sülh təşəbbüslərini, hətta onlar qeyri-praktik və ya zəif düşünülmüş görünsə belə, dəstəkləməyə hazır olduğunu göstərirdi. O, Donetsk vilayətinin bir hissəsinin nə Rusiya, nə də Ukrayna qüvvələrinin nəzarətində olmayan “azad iqtisadi zona”ya çevrilməsi ideyasını nəzərdən keçirmişdi.

“Buna çox həvəsli deyildik. Bəzən mənə elə gəlir ki, bu, belədir: ukraynalılara daha nə təklif edə bilərik ki, görək imtina edəcəklərmi? Biz heç nədən qorxmuruq. Seçkilərə hazırıq? Hazırıq. Referenduma hazırıq? Hazırıq”, deyə Zelenski bildirdi və o, amerikalıların təkliflərini qəbul edərək göstərməyə çalışırdı ki, sülhə mane olan tərəf məhz Rusiyadır.

Lakin Zelenskiyə xas olduğu kimi, şərtlər və qeyd-şərtlər var. Ərazi itkisi ilə bağlı istənilən müddəa yalnız Zelenski ilə Putin arasında şəxsi görüşdə yekun həll oluna bilər. Amerikalılar uzun müddətdir belə sammiti təklif edir, Tramp isə vasitəçi olmağa hazır olduğunu bildirib. Kreml isə axşı bilə-bilə ki, Zelenski prinsipial səbəblərdən buna razılaşmayacaq, ukraynalıları Moskvaya dəvət edib.

Müsahibəmizin səhəri “Financial Times” yazmışdı ki, fevralın 24-də, Rusiya işğalının dördüncü ildönümündə Zelenski prezident seçkiləri və sülh razılaşması üzrə referendum planlarını elan edəcək. Nəşr anonim mənbələrə istinadla hətta son tarixi ,15 mayı göstərirdi. Bu barədə soruşduqda Zelenski köks ötürüb başını yellədi və dedi: “Heç kim hakimiyyətdən yapışmır. Mən seçkilərə hazıram. Amma bunun üçün bizə təhlükəsizlik təminatları və atəşkəs lazımdır”.

Bu, mənə 2022-ci ilin əvvəllərini xatırlatdı. O vaxt Ağ Ev Zelenskini qaçılmaz işğal barədə xəbərdar edirdi və prezident Bayden Qərb liderləri ilə danışığında onun fevralın 16-da başlayacağını ehtimal etmişdi. Zelenski buna inanmaqdan imtina etmişdi. Ordunu səfərbər etmək və ya evakuasiya çağırışları əvəzinə o, ukraynalılara səhər saat 10-da bayraqları qaldırıb dövlət himnini oxumağı təklif etmişdi. “Bizə deyirlər ki, fevralın 16-sı hücum günü olacaq. Biz onu birlik gününə çevirəcəyik”, deyə o, müraciətində demişdi.

İşğal bir həftədən bir qədər çox sonra başladı və tezliklə ruslar üçün fəlakətə çevrildi. Həmin yaz onlar Kiyev uğrunda döyüşü, sentyabrda isə Ukraynanın ikinci böyük şəhəri Xarkov uğrunda döyüşü uduzdular. Bir neçə həftə sonra ukraynalı qüvvələr cənubdakı Xerson şəhərini azad etdikdə, Zelenski yaxın Qərb müttəfiqlərindən birindən təkidli çağırış aldı: indi, güclü mövqedə olarkən, sülh danışıqlarına başla və üstünlüyündən sərfəli razılaşma üçün istifadə et. ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin o zamankı sədri, general Mark Milli 2022-ci ilin noyabrındakı çıxışında demişdi: “Məqamı qaçırmayın”.

Belə danışıqların müharibəni bitirib-bitirməyəcəyini heç kim deyə bilməz. Amma geriyə baxanda bu, Ukraynanın döyüş meydanında ən yüksək nöqtəsi idi. Bundan sonra müharibə 2023-cü ildə uğursuz əks-hücumdan başlayaraq Ukrayna üçün demoralizəedici uğursuzluqlar silsiləsinə çevrildi və cəbhə əsasən dondu. O vaxtdan bəri tərəflərdən heç biri möhkəmləndirilmiş müdafiəni yarıb uzunmüddətli şəkildə böyük ərazilər ələ keçirə bilməyib. Zaman keçdikcə Ukraynanın mövqeləri zəifləyib və bu, atəşkəs danışıqları üçün daha zəif başlanğıc nöqtəsi yaradıb. Zelenski buna görə peşmandırmı? 2022-ci ilin sonunda razılaşma şansını dəyərləndirməməsinə heyfsilənirmi?

“Biz heç vaxt müharibəni bitirməyə qarşı olmamışıq. Dialoqa hazır olmadığını göstərən ruslar idi”, deyə o bildirdi. Bir qədər pauzadan sonra əlavə etdi: “Bu gün fərqli baxışa malik yeni insanlar var”.

Zelenski Trampın ətrafındakı insanları nəzərdə tuturdu və onlar, görünür, aralıq seçkilərdən əvvəl razılaşma əldə etməyə daha çox maraqlı idilər, nəinki ukraynalıların özlərini təhlükəsiz hiss etməsinə. Amma əgər Zelenskinin sülh prosesinin bu administrasiyanın əlində olmasına dair peşmanlığı varsa, o, bunu dilə gətirmədi.

Sağollaşmaq üçün ayağa qalxanda yeni danışıqlar qrupunun rəhbəri, general Budanovu qəbul otağında daş sifətlə, qoltuğunda qovluqla dayanan gördüm. Komandanın digər üzvləri də tezliklə gəldilər. Onlar Əbu-Dabidən qayıtmışdılar və növbəti həftəyə planlaşdırılan danışıqlara hazırlaşmaq üçün günü müzakirələrlə keçirməyə hazırlaşırdılar.

Otağa daxil olanlardan kimsə bəlkə də çıxış yolu üçün yeni ideya gətirmişdi. Amma onlar danışıqlar masası arxasında yerlərini tutub qapını arxamca bağlayanda daha real görünən o idi ki, söhbət yenə də eyni dairədə fırlanacaq. Rusiya isə yavaş və amansız irəliləyişini davam etdirərkən razılaşmaya addım-addım yaxınlaşma yolları axtarılacaq.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr