AZ

Regionda sülhü gücləndirəcək yeni strateji dəhliz yaranması önəmlidir ŞƏRH EDİLDİ

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə birgə bəyanatında səsləndirdiyi nəqliyyat dəhlizi təşəbbüsü Cənubi Qafqazın geosiyasi arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Söhbət təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin olunmasından getmir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu layihə daha geniş mənada regionun tranzit xəritəsini yenidən formalaşdırmaq və Cənubi Qafqazı qlobal ticarət marşrutlarının ayrılmaz hissəsinə çevirmək məqsədi daşıyır: "Bu təşəbbüsün əsas geosiyasi əhəmiyyəti ondadır ki, Ermənistan ərazisindən keçəcək marşrut həm Bakı, həm İrəvan, həm də beynəlxalq aktorlar üçün qarşılıqlı asılılıq mühiti yarada bilər. Tarixi münaqişə kontekstində uzun illər bir-birindən təcrid olunmuş kommunikasiya xətlərinin açılması iqtisadi rasionalizmi siyasi emosiyaların önünə çıxarır. Bu isə sülh prosesinin institusional əsaslarının möhkəmlənməsinə xidmət edə bilər. Çünki iqtisadi inteqrasiya dərinləşdikcə qarşıdurma riskləri azalır və tərəflər üçün sabitlik daha sərfəli seçimə çevrilir. Digər mühüm məqam layihənin beynəlxalq ölçüsüdür. Asiyanı Avropa ilə birləşdirəcək yeni və təhlükəsiz daşımalar dəhlizi Orta Dəhliz konsepsiyasının praktik gücləndirilməsi deməkdir. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji dividendlər vəd edir. ABŞ-ın yüksək səviyyəli siyasi iştirakı isə göstərir ki, Vaşinqton Cənubi Qafqazda nəqliyyat-kommunikasiya layihələrini regional sabitliyin və Qərb-Şərq bağlantısının mühüm elementi kimi görür. Bu faktor bölgədə böyük güclər arasında balans siyasətinin daha incə mərhələyə keçdiyini göstərir.

Eyni zamanda, layihənin reallaşması Ermənistan üçün də iqtisadi blokadadan çıxış, yeni investisiya və tranzit gəlirləri imkanları yarada bilər. Əgər bu proses qarşılıqlı etimad mexanizmləri ilə müşayiət olunarsa, kommunikasiya xətlərinin açılması sülh müqaviləsinin praktik təminatına çevrilə bilər. Regionda təhlükəsiz və etibarlı logistika sisteminin formalaşması isə Cənubi Qafqazı risk zonasından əməkdaşlıq platformasına transformasiya edə bilər. Ümumilikdə, bu təşəbbüsün taleyi siyasi iradə, qarşılıqlı etimad və beynəlxalq təminat mexanizmlərindən asılı olacaq. Lakin aydın görünür ki, nəqliyyat dəhlizi ideyası artıq sırf iqtisadi layihə deyil, regional təhlükəsizlik və geosiyasi sabitlik konsepsiyasının mühüm elementi kimi çıxış edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sia.az

2Mənbələr