525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Balağa Həsənov
Özünü qoru
Dəryanı, dənizi başa düşürsən,
Çalış ki sızqadan özünü qoru.
Dəhnəni dağıdar, himi boşaldar,
Təlatüm eyləyər, izini qoru.
Çalış ki, sızqadan özünü qoru.
Çoxlu öyrənsən də, bilmədiyin var,
Nə qədər görsən də, görmədiyin var.
Hörmətmi, qorxumu, dinmədiyin var,
Yalan vədlər vermə, sözünü qoru .
Çalış ki, sızqadan özünü qoru.
Elin lənətindən qorxub ayılsan,
Yaxşı xidmət edib, sən də sayılsan,
Əzəldən dövlətə, vara mayılsan,
Balağanı eşit, gözünü qoru .
Çalış ki, sızqadan özünü qoru .
Dağlara
Dağları görəndə dağlandı sinəm,
Əriyib sel oldum, axdım dağlara.
Sevinclə kədərim, bir anda gəldi,
Ağlaya-ağlaya çıxdım dağlara.
Əzəmət dağdadı, mərdlik dağdadı,
İgidlik dağdadı, sərtlik dağdadı,
Qoçaqlıq, mətinlik, cəldlik dağdadı,
Dağlar vüqarıyla baxdım dağlara.
Güllü yaylaqlarda bulaq gözəldi,
Boz sürü qatmağa qalaq gözəldi,
Yurdunda, elində qonaq gözəldi,
Yurda sahib olub qalxdım dağlara.
Qurd öz örüşündə ac qala bilməz,
Qartal şikarını sar ala bilməz,
Tülkü şir azdırar, şir ola bilməz.
Yenə kürəyimi sıxdım dağalara.
Könlüm
Hamı kefdə bilir, nəşədə bilir
Ay dərdi bilinməz havalı, könlüm.
Çətinə tablaşıb əyilməmisən,
Həmişə qürurlu, sayalı könlüm.
Tək olmusan, sınmamısan döyüşdə,
Alqış qazanmısan, bütün hər işdə,
Tərsə dönməmisən çərxi-gərdişdə,
Təmkinli, səbirli, mayalı könlüm.
Balağa, sanma ki, elimdən gəlir,
Şeir dərdən gəlir, zülümdən gəlir,
Yaxşılıq nə varsa əlimdən gəlir,
Haqdan tərbiyəli, həyalı könlüm .
Deyiblər
Haqq yolda düşmənlə döyüşən kişi
Qələbə bayrağın taxar, deyiblər.
Azğınlaşan çaqqal gəzsə meşədə,
Qarşısına boz qurd çıxar, deyiblər.
Zülümlə abadlıq edərsən əgər,
Bilmirsən axırı bərbaddır məgər?!
Həyalı insanın yanağında tər,
Həyasız utanmaz, baxar, deyiblər?!
Balağa itaət edir Allaha,
Darda qoymayacaq onu bir daha.
Kəmfürsət hər zaman batar günaha,
Bədnəzər özün də yıxar, deyiblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.