Bakının Sabunçu rayonunda Emil həyat yoldaşı Elnarəni, baldızı Gülarəni və onların nənəsi Xumarı (adlar şərti verilib – red.) bıçaqlayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Emil 2024-cü il mayın 16-da rəsmi nikah münasibətində olduğu arvadı Elnarə ilə telefonla əlaqə saxlayıb və ondan qonaq getdiyi anasıgildən evə qayıtmasını tələb edib.
Elnarə onunla birgə yaşamaqdan imtina edib və ayrılmaq istədiyini bildirib. Emil qisas niyyəti ilə arvadını öldürmək qərarına gəlib.
Mayın 17-də saat 17 radələrində qayınanasının yaşadığı ünvana yollanıb, aqressiv şəkildə arvadını çölə səsləyib. Emilin əsəbi vəziyyətdə bacısına nəsə edəcəyindən ehtiyatlanan Gülarə nənəsi Xumarı çağırıb. Xumar Emildən səs-küy salmamağı, buradan getməyi tələb edib.
Emil mübahisə zamanı qəflətən Xumarın sifətinə yumruq vurub. Qonşuları köməyə çağırmaqdan ötrü həyətə qaçan baldızı Gülarənin arxasınca düşüb, onun boynundan tutub və bıçaqla ona zərbələr endirib. Daha sonra arvadı Elnarənin üstünə hücum çəkib, onu yerə yıxıb, əlindəki bıçaqla onu başını kəsəcəyi ilə hədələyib.