Antropoloqların apardığı yeni araşdırma göstərib ki, süni intellekt sistemləri neandertallar haqqında köhnəlmiş və səhv təsəvvürləri təkrar edə bilir. Men Universiteti və Çikaqo Universitetinin alimləri populyar modellər olan DALL-E 3 və GPT-3.5-in neandertalların gündəlik həyatı ilə bağlı nə dərəcədə düzgün mətn və təsvir yaratdığını yoxlayıblar. Nəticələr “Advances in Archaeological Practice” jurnalında dərc olunub.
Araşdırma zamanı modellərə neandertalların fəaliyyəti, geyimi və əmək alətləri ilə bağlı konkret, elmi dəqiqlik tələb edən sorğular verilib və hər sorğu 100 dəfə təkrar edilib. Məlum olub ki, mətn cavablarının təxminən yarısı köhnəlmiş məlumatlara əsaslanır, şəkillər isə çox vaxt bir əsr əvvəl formalaşmış stereotipləri əks etdirir.
Təsvirlərdə neandertallar tez-tez həddindən artıq ibtidai, meymunabənzər, çox tüklü və əyilmiş qamətli şəkildə göstərilib. Sosial səhnələrdə qadın və uşaqlar demək olar, görünməyib ki, bu da müasir elmi biliklərlə uyğun gəlmir. Bəzi şəkillərdə isə o dövr üçün mümkün olmayan metal, şüşə əşyalar, toxunma səbətlər və saman damlı tikililər kimi anaxronizmlər yer alıb.
Tədqiqatın aparıcı müəllifi Metyu Manyani bildirib ki, süni intellektin dəqiqliyi onun istifadə etdiyi mənbələrin aktuallığından asılıdır. Araşdırmaya görə, GPT-3.5 əsasən 1960-cı illərin tədqiqatlarına, DALL-E 3 isə 1980–1990-cı illərin məlumatlarına söykənir. Bu da nəticələrin müasir elmi yanaşmalarla tam üst-üstə düşmədiyini izah edir. Tədqiqat 2023-cü ildə aparılıb və alimlər hesab edirlər ki, yeni versiyalar daha aktual elmi məlumatları daha yaxşı nəzərə almalıdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, generativ süni intellekt təhsil və elmdə geniş istifadə olunduqca, bu cür səhvlər risk yarada bilər. Elmi baxımdan qeyri-dəqiq, lakin inandırıcı görünən məzmun köhnə stereotiplərin möhkəmlənməsinə və yanlış məlumatların yayılmasına səbəb ola bilər. Bu isə cəmiyyətin tarixə baxışına və elmi tədqiqatlara inama mənfi təsir göstərə biləcəyi istisna edilmir.
S.ELAY
XQ