AZ

Rəqəmsal inkişaf və süni intellekt ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindəndir

“Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Müşavirə Azərbaycanın hər bir sahədə qazandığı uğurların, malik olduğu üstünlüklərin, onların əsasında dayanan hədəflərin təqdimatı oldu. Günümüzün əsas çağırışlarından biri kimi  rəqəmsal inkişafla bağlı  geniş müzakirələr aparıldı, qarşıda dayanan vəzifələr diqqətə çatdırıldı. Cənab İlham Əliyev bildirdi ki, dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.

Ölkəmizin dayanıqlı inkişafına hədəflənən hər bir addımın reallığa çevrilməsində iqtisadi tərəqqi əsasdır. Azərbaycanın malik olduğu təcrübədən, üstünlüklərdən bəhs edərkən, təbii ki, enerji resurslarımızdan səmərəli istifadənin  uğurlarını xüsusi qeyd etməliyik. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin qarşısında geniş imkanlar açdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı, iqtisadi müstəqilliyinin təmin edilməsi ilə siyasi mövqeyi möhkəmləndi. Azərbaycanın tərəfdaşlarının sayı artdı. Ölkəmizin iştirakçısı olduğu enerji layihələri əməkdaşlığımızın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynadı. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin beynəlxalq əməkdaşlığın başlanğıcı kimi qəbul edilən Cənub Qaz Dəhlizinin 2020-ci ilin dekabrında tam tərkibdə istifadəyə verilməsi ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasının təsdiqidir. Cənab İlham Əliyevin müşavirədə vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib. Burada da nadir təcrübəmiz var. 30 ildən çox davam edən  neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, cənab İlham Əliyev Azərbaycanın malik olduğu üstünlüklər sırasında coğrafi mövqeyimizi xüsusi vurğuladı. Bildirdi ki, bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında,  Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir. Müşavirədə son illərdə aparılan işlər nəticəsində  enerji generasiya gücümüzün böyük dərəcədə artırılmasının da üstünlüklərimiz sırasında olduğu qeyd edildi: “Statistik rəqəmlərə diqqət yetirək. Son 20 ildə generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları - istər qaz, istər hidro, istər Günəş, külək  bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Cənab İlham Əliyev vurğuladı ki,  hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Ölkə Prezidenti bu çağırışı etdi ki, gələcəkdə  generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır”.

Malik Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən hər bir müşavirə əhatə etdiyi məsələ ilə bağlı mühüm çağırışlarla zəngin olur: “Qarşıya qoyulan hədəfə nail olmaq üçün işlərin koordinasiya şəklində aparılmasının vacib olduğunu bildirən cənab İlham Əliyev hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığını verdi.  Bildirdi ki, hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. Dövlət xidmətləri vahid mərkəzdən, “mygov” üzərindən həyata keçirilməlidir. Kadr hazırlığı əsas vəzifələrdən biridir. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir. Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir”.

Millət vəkili bildirib ki, çağırışların hər biri Azərbaycanın dayanıqlı  inkişafına xidmət edir: “Bu çağırışlar rəqəmsal inkişafın və süni intellektin ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biri olduğunu bir daha  təsdiqləyir. Təkmil inkişaf modeli ilə dünyanın diqqətində olan ölkəmizin yenilikçi olması, hər bir təcrübənin tətbiqinə maraq göstərməsi və onun reallaşmasına nail olması bugünkü davamlı uğurlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyevin süni intellekti və rəqəmsal inkişafı prioritet elan etməsi  tərəfdaşlarımıza  ciddi mesajdır. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, üstünlüklərimiz xarici tərəfdaşlarımıza çatdırılmalıdır. Fəaliyyət planı hazırlanmalı və ölkə Prezidentinə  təqdim edilməlidir”.

Seçilən
7
1
ikisahil.az

2Mənbələr