AZ

Avropa öz təhlükəsizliyi naminə üzərinə daha çox məsuliyyət götürür - Almaniya MN

Avropa zamanla öz təhlükəsizliyi naminə üzərinə daha çox məsuliyyət götürür.

Day.Az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Trend-ə açıqlamasında bildirib.

"Bu, ABŞ-nin Hind-Sakit okean regionunda əlavə vəzifələrə diqqət yetirməsinə imkan verəcək. Daha çox məsuliyyət o anlama gəlir ki, Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoyur, daha çox silahlanma sistemləri inkişaf etdirir və satın alır, zəruri infrastrukturu genişləndirir və şəxsi heyətin sayını artırır", - deyə qurumun nümayəndəsi bildirib.

O vurğulayıb ki, Almaniya Avropada NATO-nun iqtisadi cəhətdən ən güclü üzvü kimi bu prosesdə mühüm rol oynayır.

"Biz daha çox silah sistemləri alırıq, təhlükəsizlik sahəsində mövcud boşluqları mərhələli şəkildə aradan qaldırırıq, həmçinin birgə satınalmaları getdikcə daha fəal şəkildə həyata keçiririk", - deyə Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib.

Qurumun nümayəndəsi qeyd edib ki, Almaniya alyans çərçivəsində məsuliyyəti öz üzərinə götürür və silahlı qüvvələrini davamlı şəkildə gücləndirir.

"Beləliklə, biz alyansın ikili nəzər nöqtəsini - müdafiə və çəkindirməni gücləndiririk. Yalnız güc eskalasiyanın daha da böyüməsinin qarşısını ala bilər", - deyə o vurğulayıb.

Bundan əlavə, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, təhdidlər dəyişir və getdikcə daha mürəkkəb və dinamik xarakter alır.

Ukraynadakı müharibəyə toxunan nümayəndə əlavə edib ki, beynəlxalq münasibətlərin ənənəvi sərhədlərinin sarsıdılması prosesləri müşahidə olunur.

Qeyd edək ki, fevralın 13-də 62-ci Münxen Təhlükəsizlik Konfransı (MSC 2026) öz işinə başlayıb.

Tədbirdə 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, eləcə də BMT, NATO, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlardan 40-dan artıq vəzifəli şəxs iştirak edir.

Konfrans dünyada geosiyasi və geoiqtisadi gərginliyin hökm sürdüyü şəraitdə keçirilir. O, uzunmüddətli alyansların etibarlılığı və davamlılığının sual altına qoyulduğu, qaydalara əsaslanan beynəlxalq nizamın zəiflədiyi, qlobal qeyri-sabitliyin artdığı və münaqişələrin daha da kəskinləşdiyi bir dövrə təsadüf edir.

Seçilən
3
1
day.az

2Mənbələr