ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Nigerin ən nüfuzlu hərbçilərindən biri, general Amadu İbro ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa çağırıb və Parisi Nigerdə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.
Niger ordusunun Fransa kimi bir dövlətlə potensial qarşıdurmaya hazırlıq səviyyəsi nə dərəcədədir?
Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Niger 1898-ci ildən etibarən Fransa tərəfindən işğal olunub, daha sonra isə Fransız Qərbi Afrikasının tərkibində müstəmləkə kimi idarə edilib.

"1960-cı ildə rəsmi müstəqillik əldə olunsa da, ölkə uzun müddət Fransa ilə sıx siyasi, iqtisadi və hərbi əlaqələr çərçivəsində fəaliyyət göstərib. Bu münasibətlər xüsusilə Nigerin zəngin uran ehtiyatları fonunda daha da strateji xarakter alıb. Uran Fransanın atom elektrik stansiyaları üçün əsas xammallardan biri olduğuna görə Niger Paris üçün mühüm tərəfdaş sayılıb. Xüsusilə uran ehtiyatları Fransanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyıb. Son dövrdə ölkədə Fransa təsirinə qarşı narazılıq artıb və hərbi rəhbərlik tərəfindən tam suverenliklə bağlı sərt bəyanatlar səsləndirilir. Niger ordusunun açıq müharibədə Fransa ilə bərabər gücdə olduğunu demək çətindir. Lakin mümkün qarşıdurma Niger ərazisində baş verərsə və daxili dəstək yüksək olarsa, bu, Fransanın uzunmüddətli hərbi mövcudluğunu çətinləşdirə bilər. Buna görə də, yaxın illərdə Fransanın Niger ərazisindəki hərbi iştirakının azalması və ya tamamilə başa çatması ehtimalı istisna deyil. Prosesin istiqaməti isə əsasən geosiyasi və daxili siyasi amillərdən asılı olacaq", - deyə o, əlavə etdi.
Xədicə BAXIŞLI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.