AZ

Axund Fazil İrəvani Əsəri erməni dilinə tərcümə olunan ŞEYXÜLİSLAM

ain.az, Lent az saytına istinadən bildirir.

Lent.az “Qafqaz Şeyxülislamları” rubrikasında Qafqaz müsəlmanlarının ikinci şeyxülislamı Axund Fazil İrəvani haqqında bioqrafiyanı təqdim edir.

- Fazil İrəvani kim olub?

Axund Fazil İrəvani Qafqaz müsəlmanlarının II Şeyxülislamı, müctəhid, görkəmli din xadimi, ədib və ictimai xadim olub. O, XIX əsrdə Qafqazın dini və ictimai həyatında mühüm rol oynayıb.

- Fazil İrəvani nə vaxt və harada anadan olub?

Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində dünyaya gəlib.

- Fazil İrəvani harada təhsil alıb?

Fazil İrəvani ilk təhsilini İrəvandakı molla məktəbində və mədrəsədə alıb. O, 20 yaşında Misirə yollanıb və Qahirədə yerləşən Əl-Əzhər Universitetində təhsil alıb. Təxminən 20–25 il Qahirədə yaşayıb, dini və dünyəvi elmləri dərindən mənimsəyib. Əl-Əzhər 970-ci ildə Misir Fatimiləri tərəfindən təsis olunub, əvvəlcə cümə məscidi kimi fəaliyyət göstərib, sonra isə İslam dünyasının ən nüfuzlu elm mərkəzlərindən birinə çevrilib. Fazil İrəvani burada həm nəqli, həm də əqli elmləri öyrənib.

- Fazil İrəvani təhsildən sonra harada fəaliyyət göstərib?

Qahirədən sonra bir müddət İraqda - Nəcəfdə, daha sonra İranda - İsfahan və Təbriz şəhərlərində axundluq edib.

- Fazil İrəvani vətənə qayıtdıqdan sonra hansı vəzifəni tutub?

İrəvana qayıdandan sonra Göy məscidin baş axundu kimi fəaliyyət göstərib.

- Fazil İrəvani şeyxülislam müavini vəzifəsinə nə vaxt təyin olunub?

1843-cü ildə Tiflisdə yerləşən Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsi sədrinin müavini vəzifəsinə dəvət alıb və bu vəzifəni qəbul edib.

- Fazil İrəvani müavin kimi hansı dəyişiklikləri həyata keçirib?

Fazil İrəvani idarənin fəaliyyətini genişləndirib və təkmilləşdirib. O, diyarın müsəlman əhalisini ruhani dairələrə bölüb və şəriət məhkəmələri yaradıb. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verib. Onun təşəbbüsü ilə ruhanilərə maaş ayrılıb və onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilib. Əvvəllər müctəhidin səlahiyyətində olan bəzi qaydaların icrası şeyxülislamlığa həvalə olunub.

- Fazil İrəvani şeyxülislam vəzifəsinə nə vaxt seçilib?

1846-cı ildə Qafqazın Şeyxülislamı seçilib və1872-ci illə qədər bu vəzifəni icra edib.

- Fazil İrəvani şeyxülislam kimi hansı islahatları aparıb?

Onun dövründə idarənin fəaliyyətinə prokuror nəzarəti ləğv olunub. Yüksək ruhani şəxslərin təyinini ruhani idarəsi özü həyata keçirib. Nikah və boşanma məsələləri məscid ruhanilərindən alınaraq daha savadlı axundlara verilib. Qazıların səlahiyyətlərinə geniş yer ayrılıb. Mahal qazıları tabeliyində olan ruhanilərə rəhbərlik edib, kəbin, boşanma və ailə münaqişələrini şəriət əsasında həll edib. Əgər münaqişədə cinayət xarakteri aşkar olunubsa, iş ümumi məhkəmələrə göndərilib. Dini məktəblərin açılması və idarəsi, ruhani adları üçün sınaqların keçirilməsi, azyaşlılara qəyyumluğun təyin olunması və seyidlik iddialarının araşdırılması dairə qazılarına tapşırılıb və onlar birbaşa şeyxülislama hesabat verib.

 - Fazil İrəvani şeyxülislamlıqdan nə vaxt ayrılıb?

Fazil İrəvani 1872-ci ildə vəzifədən istefa verib və yenidən İrəvana qayıdıb.

- Fazil İrəvani ömrünün son illərini harada keçirib?

İrəvanda, öz adı ilə tanınan “Şeyxülislam” məhəlləsində yaşayıb.

- Fazil İrəvani hansı əsərlərin müəllifi olub? 

Ona aid təxminən 15-ə yaxın kitab məlumdur. Ən məşhur əsərlərindən biri “Qızılgül və bülbül”dür. Bundan başqa “Kitabüt-təharət” və ya “Paklıq kitabı”, “Beyzavi təfsirinə haşiyə”, “İctihad və təqlid”, “Üsulu’l-fiqh”, Şeyx Mürtəza Ənsarinin “Məkasib” və “Rəsail” əsərlərinə yazdığı haşiyələr, “İstishab” və “Tarixi-İrəvan” adlı əlyazması da məlumdur.

- “Qızılgül və bülbül” əsəri haqqında nə bilinir?

Bu əsər 1812-ci ildə Sankt-Peterburqda erməni və rus dillərində çap olunub. Tərcüməni Xocens Markar Geğamyan edib. Sonralar əsər müəllifin adı dəyişdirilərək fransız və alman dillərində də nəşr olunub. 1826-cı ildə fransız dilinə Vayyan de Floribal, 1832–1833-cü illərdə isə alman dilinə Yozef fon Hammer tərcümə edib. 1892-ci ildə fransız tədqiqatçısı Şarl Jorjien əsərin əsl müəllifinin Fazil İrəvani olduğunu qeyd edib. 1950-ci ildə isə əsər ABŞ-ın Frezno şəhərində yenidən başqa müəllif adı ilə çap olunub. Əsərin orijinalı Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır.

- “Paklıq kitabı” nə vaxt çap olunub?

Bu əsər 1883-cü ildə Təbrizdə daşbasma üsulu ilə çap olunub. Çap işi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə Xəttat Məhəmməd Təbrizi tərəfindən həyata keçirilib.

- Fazil İrəvani hansı mükafatlara layiq görülüb?

O, I, II və III dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif olunub. İran hökuməti də onu yüksək mükafatlarla qiymətləndirib.

- “Tarixi-İrəvan” əsəri haqqında nə məlumdur?

Mənbələrdə bu əsərin mövcudluğu qeyd olunur. Əsər İrəvan və Qərbi Azərbaycanın tarixinə, Azərbaycan xanlıqlarının fəaliyyətinə həsr olunub. Lakin əlyazmanın hansı arxivdə saxlandığı barədə dəqiq məlumat yoxdur.

- Fazil İrəvani nə vaxt vəfat edib?

Fazil İrəvani1885-ci ildə, 103 yaşında İrəvan şəhərində vəfat edib.

- Onun adı necə yaşadılıb?

İrəvanda “Şeyxülislam məhəlləsi” və bir karvansara uzun illər Fazil İrəvaninin adını daşıyıb.

- Fazil İrəvaninin tarixi əhəmiyyəti nədədir?

Fazil İrəvani Qafqazda ruhani idarəçiliyi sistemləşdirib, dini məhkəmə və təhsil sahəsində mühüm dəyişikliklər edib, İslam maarifini yaymağa çalışıb və həm dini, həm də ədəbi irsi ilə XIX əsr Qafqaz tarixində mühüm yer tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
lent.az

1Mənbələr