AZ

Qazaxıstan, Qırğızıstan və Özbəkistan su və enerji əməkdaşlığı sahəsində koordinasiyanı gücləndirir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 14 fevral, AZƏRTAC

Daşkənddə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın enerji nazirlərinin üçtərəfli görüşü, eləcə də üç ölkənin müvafiq su və enerji qurumlarının rəhbərlərinin görüşü keçirilib.

AZƏRTAC Qazaxıstan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, danışıqlarda ölkənin energetika naziri Erlan Akkenjenov, Qırğızıstanın energetika naziri Taalaybek İbrayev və Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov iştirak ediblər. Görüşə Tacikistanın energetika naziri Daler Cuma da dəvət olunub.

Tərəflər su və enerji resurslarının idarə olunması sahəsində üçtərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini, eləcə də regional enerji sisteminin dayanıqlı və balanslı işinin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Xüsusi diqqət generasiya güclərinin iş rejimlərinin əlaqələndirilməsinə, razılaşdırılmış su istifadə parametrlərinə riayət edilməsinə və birgə yanaşmaların hazırlanmasına yönəldilib.

Görüşdə mövsümi yüklənmə zamanı qarşılıqlı dəstəyin və operativ əməkdaşlığın vacibliyi, eləcə də enerji təhlükəsizliyi üçün transsərhəd çaylarda sabit su rejiminin qorunmasının zəruriliyi vurğulanıb.

Tərəflər Mərkəzi Asiya su və enerji sisteminin etibarlılığını gücləndirməyə yönəlmiş konstruktiv dialoqun davam etdirilməsinə və mehriban qonşuluq ruhunda birgə işə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Görüşdən sonra əldə edilən razılaşmaları rəsmiləşdirən üçtərəfli protokol imzalanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

3Mənbələr