AZ

ABŞ İran gərginliyi artır: Qazanan tərəf kimdir?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hazırda Yaxın Şərqdə nisbi sakitlik hökm sürsə də, ABŞ ilə İran arasında gərginlik qalmaqdadır.

Üçüncü ölkənin vasitəsilə ABŞ-İran danışıqlarının təşkil olunmasına baxmayaraq, gündəmdə olan məsələlərin həlli istiqamətində tərəflərin ortaq mövqeyə gəlməsi hələ ki, qeyri-real görünür.

Təbii ki, danışıqlarda heç bir nəticə əldə edilməsə, bu, regionda vəziyyətin daha da gərginləşməsinə və eskalasiyanın artmasına gətirib çıxaracaq. ABŞ-İran hərbi qarşıdurmasının istənilən zaman baş verməsi istisna olunmur, bu isə region ətrafındakı ölkələr tərəfindən arzu olunan deyil. 

Amma bu məsələdə xüsusi bir məqama diqqət yetirmək lazımdır - hansı ki, müəyyən dövlətlər ABŞ-İran qarşıdurmasında maraqlı ola bilərlər.

Ekspertlərin fikrincə, bəzi güc mərkəzləri, xüsusilə də Rusiya və Çində hərbi-siyasi dairələr ABŞ-İran qarşıdurmasının Moskva və Pekinə qazandıracaq imkanları və dividentləri nəzərdən keçirirlər. 

Maraqlıdır, ABŞ-İran gərginliyi fonunda qazanan tərəf kim olacaq? Rusiya, yoxsa Çin? Eskalasiyanın intensivləşməsi Rusiya və Çinə nə qazandıracaq? 

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ-İran qarşıdurması müəyyən güclərə nisbi strateji üstünlüklər verə bilər. “ABŞ-İran gərginliyi fonunda “kim qazanacaq?” sualı ilk baxışda sadə görünsə də, geosiyasi reallıq daha mürəkkəbdir:

“Əslində belə qarşıdurmalar klassik mənada qalib yaratmır, lakin müəyyən güclərə nisbi strateji üstünlüklər verə bilər. Əgər eskalasiya dərinləşərsə və Vaşinqton diqqətini yenidən Yaxın Şərqə yönəltmək məcburiyyətində qalarsa, bu vəziyyət ən çox Rusiyanın maraqlarına uyğun ola bilər.

Çünki ABŞ-nin hərbi, diplomatik və maliyyə resurslarının bir hissəsinin Orta Şərqə yönəlməsi Moskva üçün Ukrayna istiqamətində və postsovet məkanında manevr imkanlarını genişləndirə bilər. Bundan əlavə, neft qiymətlərinin mümkün artımı Rusiya büdcəsi üçün əlavə gəlir mənbəyi yarada bilər.

Lakin bu, Rusiyanın açıq və birbaşa “qələbəsi” anlamına gəlmir. Moskva İran uğrunda ABŞ-la birbaşa qarşıdurmaya getmək niyyətində deyil və regional müharibənin genişlənməsi Rusiyanın öz təhlükəsizliyi üçün də risklidir”.

Çinə gəlincə, V.Zifəroğlu vurğulayıb ki, Pekin üçün vəziyyət daha çox geoiqtisadi xarakter daşıyır:

“Rəsmi Pekin İranın əsas enerji alıcılarından biridir və gərginlik fonunda İran neftini daha sərfəli şərtlərlə əldə etmək imkanı qazana bilər. Eyni zamanda, ABŞ-nin regionda hərbi aktivliyinin artması Çin üçün diplomatik manevr və vasitəçilik rolu oynamaq imkanı yaradır.

Sözsüz ki, Çin özünü daha çox sabitlik tərəfdarı və alternativ qlobal güc mərkəzi kimi təqdim etməyə çalışacaq. Bununla belə, genişmiqyaslı müharibə qlobal ticarət marşrutlarına, enerji bazarlarına və Çin iqtisadiyyatına da mənfi təsir göstərməsi də mümkündür”. 

Ekspert bildirib ki, ABŞ-İran qarşıdurması Rusiya və Çin üçün o qədər də arzuolunan deyil:

“Eskalasiya daha da intensivləşərsə, Rusiya qısamüddətli enerji gəlirləri və ABŞ diqqətinin bölünməsi baxımından nisbi üstünlük əldə edə bilər. Çin isə enerji təhlükəsizliyi və diplomatik nüfuz baxımından mövqeyini gücləndirə bilər.

Lakin hər iki ölkə üçün əsas prioritet münaqişənin nəzarətdən çıxmamasıdır. Çünki geniş regional müharibə nə Rusiya, nə də Çin üçün strateji sabitlik və uzunmüddətli qazanc vəd etmir”.Yunis Abdullayev

"Cebheinfo.az"

Açar sözlər:

ABŞ-İran Vüqar Zifəroğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr