AZ

ƏƏSMN: Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda daha 250 benefisiarın biznesi genişləndiriləcək

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində bu il daha 250 benefisiara bizneslərini genişləndirmələri üçün əlavə dəstək göstəriləcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar növbəti "Həvəsləndirmə mükafatları" müsabiqəsi keçiriləcək. Müsabiqədə layihə çərçivəsində istehsal və xidmət sahələri üzrə avadanlıq əldə edərək kiçik biznes qurmuş və şərtlərə uyğun gələn şəxslər seçiləcək.

Seçilən iştirakçılara biznes planlarının hazırlanmasında nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi ilə yanaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də dəstək verəcək. Daha sonra onların bizneslərini genişləndirmələri üçün əlavə avadanlıqlar təqdim olunacaq.

Qeyd edilib ki, indiyədək layihə çərçivəsində 26 min işsiz şəxsin özünüməşğulluğunun təmin olunmasına dəstək göstərilib. Onlardan "Həvəsləndirmə mükafatları" müsabiqələrində qalib gəlmiş iştirakçılar əlavə avadanlıqlarla təmin edilir.

Bununla yanaşı, layihə çərçivəsində kiçik biznes quraraq işçi qəbul edən benefisiarların dəstəklənməsi məqsədilə yeni təşəbbüsə də start verilib.

Xatırladaq ki, Dünya Bankının İcraçı Direktorlar Şurası 29 iyul 2024-cü il tarixində Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin genişləndirilməsi və əhatə dairəsinin artırılması üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiq edib.

Layihə özünüməşğulluq imkanlarını təşviq etməklə məcburi köçkünlər, qadınlar, gənclər və uzun müddət işsiz olanlar əsas götürülərək, daha həssas qruplardan olan insanlara yardımın təmin edilməsinə istiqamətlənib.

2020-2025-ci illəri əhatə edən ilkin mərhələdə 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26,7 min nəfər bu layihəyə cəlb edilib. Növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərin qurmasına dəstək göstərilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
3
hurriyyet.az

4Mənbələr