AZ

Türk ekspert: COP31 Ankaranın iqlim diplomatiyası sahəsində mövqelərini gücləndirəcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 14 fevral, AZƏRTAC

Diplomatik təsir vasitələri, ətraf mühit gündəliyi və ictimai resurslarının səfərbər edilməsi Türkiyənin iqlim böhranı ilə mübarizədə əhəmiyyətli bir oyunçuya çevrilməsinə imkan verəcək. Noyabr 9-20-də Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyası (COP31) bu yolda mühüm mərhələ olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı “STAR” qəzetinə bildirib.

Ekspert xatırladıb ki, COP31 liderlərinin sammiti İstanbulda keçiriləcək, əsas müzakirə proqramı isə Antalyada təşkil olunacaq və bu, Türkiyəni qlobal iqlim diplomatiyasının mərkəzinə çevirəcək.

“Türkiyədə iqlim sammitinin keçirilməsi barədə qərar Ankaranın konstruktiv beynəlxalq təşəbbüslərinin və iqlim sektorundakı addımlarının nəticəsidir. Türkiyə bir tərəfdən Paris İqlim Sazişini təsdiqləyib və 2053-cü ilə qədər sıfır emissiyaya nail olmaq məqsədini elan edib; digər tərəfdən isə yaşıl inkişaf konsepsiyasını sənaye, enerji və şəhərsalma sahəsinə inteqrasiya edib”, - deyə Orallı qeyd edib.

O, Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır tullantı” layihəsinin qlobal səviyyədə tanınmasına da diqqət çəkib. “Bu təşəbbüs BMT səviyyəsində də dəstək alıb. “Sıfır tullantı” layihəsi istixana qazı tullantılarının azaldılmasına dair addımların müzakirəsinə əhəmiyyətli töhfə verməyə davam edir”, - deyə ekspert COP31-in Ankaranın iqlim diplomatiyası sahəsində mövqelərini gücləndirəcəyinə əminliyini ifadə edir.

Onun sözlərinə görə, COP31 çərçivəsində ikihəftəlik müzakirələr Türkiyə üçün uzunmüddətli islahatlarını təqdim etmək üçün bir fürsət olacaq. “İstanbul və Antalyada razılaşdırılmış ətraf mühit sahəsindəki hər bir addım Türkiyənin iqlim ədalətinə nail olmaqda verdiyi töhfəni, Ankaranın yaşıl maliyyələşdirməyə və davamlı inkişafa sadiqliyini dünyaya nümayiş etdirəcək”, - deyə ekspert əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
azertag.az

4Mənbələr