Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib. Onlardan 422 nəfəri oğlan, 414 nəfəri qızdır.
Bu barədə ƏƏSMN-dan məlumat verilib.
Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.
2020-ci ilin ortalarından fəaliyyətə başlayan Agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 467-si oğlan, 387-si qız olmaqla 854 uşaq öz ailələrinə qaytarılıb. Həmçinin 856 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.