BAKI, 14 fevral. TELEQRAF
Ermənistan hakimiyyəti regionda kommunikasiyaların açılmasını nəzərdə tutan TRIPP layihəsi çərçivəsində ölkənin dəmir yolu infrastrukturunun konsessiya idarəçiliyini neytral üçüncü bir dövlətə dövr etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Nazir vurğulayıb ki, İrəvan bu məsələdə müstəsna olaraq öz milli maraqlarını rəhbər tutur:
"Baş nazir Nikol Paşinyanın daha əvvəl irəli sürdüyü üçüncü ölkə mexanizmi həm Rusiya, həm də Qərb ilə balanslı münasibətləri olan tərəfdaşların prosesə cəlb edilməsini nəzərdə tutur. Dünyada elə ölkələr var ki, həm ABŞ, həm Ermənistan, həm də Rusiya ilə çox yaxşı əlaqələrə və bu layihəni maliyyələşdirmək üçün kifayət qədər vəsaitə malikdirlər. Bu təşəbbüs hər hansı ölkəyə, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Əgər Rusiya tərəfi bu investisiyaları təmin edə bilsə və yükdaşımaların Ermənistan üzərindən keçməsini səmərəli təşkil edərsə, bizim üçün heç bir problem yoxdur".