Rusiyada hökumət komissiyası əmək miqrantları ilə bağlı yeni qaydaları təsdiqləyib.
Qərara əsasən, ölkədə müvəqqəti yaşayan miqrantlar artıq öz qanuni gəlirləri barədə məlumatları Rusiyanın Daxili İşlər Nazirliyinə təqdim etməli olacaqlar.
Yeni qaydalara görə, xarici vətəndaşlar Rusiya Daxili İşlər Nazirliyinə hesabat dövrü üzrə gəlir arayışı, vergi bəyannaməsinin surəti və vergilərin ödənilməsini təsdiqləyən sənədlər təqdim etməyə borclu olacaqlar.
Əsas dəyişikliklər aşağıdakılardır:
– Hesabat dövrü üzrə gəlir haqqında arayışın, vergi bəyannaməsinin surətinin və vergi ödənişlərini təsdiqləyən sənədlərin təqdim edilməsi məcburiyyəti.
– İş icazəsi olmayan əcnəbilər üçün müvəqqəti qalma müddətinin azaldılması imkanı.
– Gəliri təsdiqlənməyən miqrantların ailə üzvlərinə də qalma müddətinin azaldılması tətbiq oluna bilər.
– Gəliri yaşadığı region üzrə yaşayış minimumundan aşağı olan miqrantlara iş patenti verilməsi və ya uzadılması qadağan ediləcək. Bu qayda ilkin patent alanlara və fiziki şəxslərin şəxsi ehtiyacları üçün işləyənlərə şamil olunmayacaq.
– Fiziki şəxslərin yanında çalışan əmək miqrantları gəlir vergisi üzrə avans ödənişi etməli olacaqlar. Hər yetkinlik yaşına çatmamış övlad üçün bu məbləğ 50 faiz artırılacaq.
– Aylıq avans ödənişinin baza məbləği təşkilat və fərdi sahibkarlarda çalışanlar üçün 1 200 rubl, fiziki şəxslərin yanında işləyənlər üçün isə 1 700 rubl olacaq.
Qeyd edilib ki, bu tədbirlər Rusiyada əmək miqrasiyasına nəzarətin gücləndirilməsi və qanunvericiliyin icrasının təmin olunması məqsədi daşıyır.
Rusiyada miqrasiya qaydalarının sərtləşdirilməsi fonunda, yeni qərarlar Azərbaycan vətəndaşlarının ölkədə işləməsi və yaşaması imkanlarına necə təsir göstərəcək və onları yaxın dövrdə hansı risklər gözləyir?

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Rusiyada miqrasiya qaydalarının sərtləşdirilməsi artıq müvəqqəti tədbir deyil, ardıcıl və sistemli siyasətə çevrilib:
“Qəbul olunan yeni qərarlar minlərlə Azərbaycan vətəndaşının bu ölkədə işləmək və yaşamaq imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. İllərdir Rusiyanın iqtisadi həyatında əsas rol oynayan miqrantlar indi açıq-aşkar arzuolunmaz təbəqə kimi kənara itələnir.
Son aylarda Rusiya hakimiyyətinin miqrasiya sahəsində atdığı addımlar göstərir ki, əsas məqsəd miqrant axınını azaltmaq və onları daim nəzarətdə saxlamaqdır.
Bu siyasətin ən ağır nəticələrini isə MDB ölkələrindən, o cümlədən Azərbaycandan gələnlər yaşayır. Yeni qaydalara görə vizasız gələn əcnəbilər artıq bir il ərzində maksimum 90 gün ölkədə qala bilər. Uzun illər “gir-çıx” üsulu ilə işləyən, ailəsini dolandıran minlərlə azərbaycanlı bir anda qanun pozucusu vəziyyətinə salınıb. Qalma müddətinin aşılması cərimə, deportasiya və uzunmüddətli giriş qadağası ilə nəticələnir. Bu isə faktiki olaraq mövsümi və uzunmüddətli əmək miqrasiyasının qarşısını alır”.
Samir Əsədlinin sözlərinə görə, paralel olaraq qeydiyyat və sənəd yoxlamaları da kəskin artıb:
“Xüsusilə Moskva və ətraf bölgələrdə polis reydləri gündəlik həyata çevrilib. Metroda, bazarlarda, iş yerlərində aparılan yoxlamalar miqrantlar arasında daimi qorxu mühiti yaradıb. Ən xırda sənəd uyğunsuzluğu belə insanın illərlə qurduğu həyatın bir günün içində dağılması ilə nəticələnə bilir.
Bu vəziyyət təkcə miqrantlara yox, Rusiyanın əmək bazarına da ciddi zərbə vurur.
Azərbaycanlılar, özbəklər və taciklər illər boyu tikinti, ticarət və xidmət sektorunun əsas dayağı olub. Onların sıxışdırılması nəticəsində bir çox regionda işçi çatışmazlığı yaranıb, layihələr ləngiyib, xidmət sahəsində keyfiyyət aşağı düşüb. Maraqlıdır ki, yaranmış vəziyyət rus cəmiyyətində də narazılıq doğurur. Biznes nümayəndələri və adi vətəndaşlar açıq şəkildə bildirirlər ki, miqrantların bu cür kütləvi şəkildə sıxışdırılması iqtisadi baxımdan özünü doğrultmur. Çünki yaranan boşluğu doldurmaq asan deyil. Hazırda Rusiya bu çatışmazlığı hindistanlı və çinli işçilər hesabına aradan qaldırmağa çalışır. Lakin bu addım yeni problemlər yaradır. Dil baryeri, uyğunlaşma çətinlikləri və daha yüksək xərclər rus iş adamlarını narazı salır.
Bir çoxları etiraf edir ki, MDB ölkələrindən olan miqrantları bu işçilərlə əvəzləmək nə ucuzdur, nə də effektiv.
Nəticədə paradoksal vəziyyət yaranıb: Rusiyada miqrantlara qarşı təzyiq artır, azərbaycanlılar ölkəni tərk etməyə məcbur qalır, amma eyni zamanda iqtisadiyyat ciddi işçi böhranı ilə üzləşir. Bu səbəbdən artıq təkcə miqrantlar yox, elə rusların özləri də bu sərt miqrasiya siyasətinə açıq şəkildə etiraz etməyə başlayıblar”.
Tunar
NOCOMMENT.az