AZ

Azər Kərimli: “Azərbaycanın dünyanın aparıcı gücü ilə strateji tərəfdaş olması ölkənin beynəlxalq siyasi çəkisinin göstəricisidir”



“Prezident İlham Əliyevin Münxendə France 24 telekanalına müsahibəsində diqqət çəkən əsas istiqamətlərdən biri Azərbaycanın yeni geosiyasi tərəfdaşlıqlar və regional logistika layihələri vasitəsilə mövqeyini gücləndirməsi idi. Xüsusilə ABŞ-la strateji tərəfdaşlıq və beynəlxalq nəqliyyat marşrutları ilə bağlı suallar Prezidentin gələcəyə yönəlmiş strateji baxışını nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşan beynəlxalq nəqliyyat marşrutu təkcə regional layihə deyil, qlobal ticarət və təhlükəsizlik sisteminin elementidir. Azərbaycanın əsas məqsədi öz əraziləri arasında fasiləsiz əlaqəni təmin etməklə yanaşı, Avropa ilə Asiya arasında yeni tranzit xətti yaratmaqdır. Prezidentin çıxışında diqqət çəkən məqam ondan ibarət idi ki, Ermənistan ərazisindən keçəcək seqmentin uzunluğu cəmi bir neçə on kilometrlə ölçülür, lakin strateji nəticələri regionun iqtisadi xəritəsini dəyişə bilər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Fikirlərini davam etdirərək, millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin ABŞ ilə strateji tərəfdaşlıq xartiyasının yalnız hərbi sahəni əhatə etmədiyinə xüsusi diqqət yönəltməyi də təsadüfi deyil: “Enerji, süni intellekt, investisiya, texnologiya və ticarət sahələrində əməkdaşlıq Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsas sütunlarından biri kimi təqdim edildi. Bu yanaşma göstərir ki, Bakı təhlükəsizlik məsələlərini iqtisadi və texnoloji inkişafla paralel şəkildə irəlilətməyi prioritet hesab edir. Müsahibədə ABŞ Vitse-prezidenti JD Vancein regiona səfərinin əhəmiyyəti də ayrıca qeyd edildi. Cənab Prezident bu səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidi kimi qiymətləndirdi. Azərbaycanın dünyanın aparıcı gücü ilə strateji tərəfdaş statusu qazanması ölkənin beynəlxalq siyasi çəkisinin artmasının göstəricisi kimi təqdim edildi. Ümumilikdə müsahibənin xətti Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas istiqamətini açıq göstərir: Azərbaycan regional layihələrin iştirakçısı deyil, təşəbbüskarı olmağa çalışır. Bu yanaşma ölkəni regionun nəqliyyat, enerji və təhlükəsizlik sisteminin mərkəzi aktoruna çevirir və uzunmüddətli siyasi sabitlik üçün əlavə təminat yaradır” – deyə, Azər Kərimli açıqlamasını başa çatdırıb.



Seçilən
24
aia.az

1Mənbələr