AZ

Mehdiyevin evindən çıxan 17 milyonla uşaqpulu verilə bilər? – Sabiq nazirdən mühüm açıqlama

İstintaq tədbirləri çərçivəsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin evindən 17 milyon manat vəsaitin çıxması faktı cəmiyyətdə geniş rezonans doğurub. Bu məbləğ təkcə hüquqi müstəvidə deyil, həm də sosial və iqtisadi aspektdən ciddi müzakirələrə yol açıb.

Bəzi ekspertlər ilkin hesablama apararaq bildirirlər ki, bu məbləğ kənd təsərrüfatının inkişafına, elmi tədqiqatların maliyyələşdirilməsinə, təhsil sahəsinə, infrastruktur və inşaat layihələrinə yönələrsə, xeyli fayda gətirə bilər.

Bu vəsaitlə neçə məktəb tikmək və ya əsaslı təmir etmək mümkün olardı? İnformasiya texnologiyaları sahəsində hansı layihələr həyata keçirilə bilərdi?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Ramiz Mehdiyevin evindən çıxan 17 milyon manat onun və ətrafının bu illər ərzində dövlətdən və xalqdan taladıqları milyardlarla manat vəsaitin dəryada damla qədər olan bir hissəsidir:

“Heç şübhə etməyin ki, Ramiz Mehdiyev o pulu bilərəkdən evdə saxlayıb ki, axtarış zamanı həmin pullar ortaya çıxsın və o da desin ki, “mənim oğurladıqlarım budur, bundan artığı yoxdur”. Bunun tülkü oyunu olduğunu bilməyə nə var ki… Məgər Mehdiyev bilmirdi ki, açılmış cinayət işi çərçivəsində onun evində, ofisində axtarış aparıla bilər? Təbii ki, bunu çox yaxşı bilirdi. Bunu bilə-bilə, o pulları evdə saxlamaqla, iz azdırmaq istəyib. Bəlli məsələdir ki, onun milyardlarla ölçülən var-dövləti onlarla qohumunun, yaxın hesab etdiyi adamların, dost-tanışlarının adına rəsmiləşdirilib. Heç şübhə etmirəm ki, istintaq hazırda bu şəbəkəni müəyyən etmək istiqamətdə intensiv iş aparır, oğurlanmış nə varsa hamısı aşkar ediləcək və dövlətin nəfinə müsadirə olunacaq”.

fikret
Fikrət Yusifov

“Bu illər ərzində yüksək vəzifələrə təyin etdirdiyi, hazırda çalışan və vəzifədən çıxarılmış onlarla “bala Ramizlər” də onun patronajlığı altında milyard manatlarla ölçülə biləcək var-dövlətə sahibləniblər. Ramiz Mehdiyev də milyard manatlarla ölçülən varidatının böyük hissəsini məhz 25 il ərzində müxtəlif yüksək vəzifələrə təyin etdirdiyi məmurların hər ay bac şəkilində aldığı milyonlarla manat vəsaitlər hesabına yarada bilmişdir. Bir sözlə, onun hörümçək toru kimi nizamlı şəkildə qurduğu bu rüşvət zənciri dəqiq işləyib. Bu zəncirdə kimlər olubsa, istintaq onları meydana çəkməlidir. Ramiz Mehdiyevə hər ay bac ödəyən bu quldurlar eyni zamanda oğurladıqlarının bir qismi hesabına öz imperiyalarını yaratmışdılar və bunu edərkən cəmiyyətdə heç kimdən utanıb, çəkinməmişdilər. İndi istintaq dövlətimizin bünövrəsini bu yolla dağıtmış həmin yaramazları ortaya çıxartmalı və onlarla haqq-hesab çəkməlidir”.

F.Yusifov bildirib ki, Ramiz Mehdiyevə bağlı hər kəs cavab verməlidir:

“Vəzifədən qovulmuş və bu gün də əmlakları ilə, övladlarının göz qamaşdıran həyat tərzi ilə cəmiyyətə göz dağı verən bu parazitlərdən hesab sormağın vaxtı çatıb. Yüksək vəzifədə olarkən dövləti talayıb, sonra da təhlükəsiz bir guşəyə çəkildiyini düşünən belələri ifşa olunmadıqca, onların dövlətdən və xalqdan oğurladıqları vəsaitlər son manatına qədər əllərindən alınmayınca, cəmiyyətin dövlətin ədalətinə şübhələri qalmaqda davam edəcək. Dövlət cəmiyyətin bu istəyini reallaşdırmaq yolunda heç kimə güzəştə getməməlidir”.

Fikrət Yusifov 17 milyona nələr etmək olduğunu da açıqlayıb:

“Ramiz Mehdiyevin evində aşkar olunan 17 milyon dövlət xəzinəsinə getməlidir. Ölkədə yüzlərlə həll edilməli məsələlər var. Həmin pullar müdafiənin güclənməsinə, uşaqpulunun verilməsinə, qazilərin təqaüdünə, şəhid ailələrinin, eləcə də digər vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına sərf edilə bilər. Yəni ilk növbədə bu və bunun kimi pulların sosial problemlərin həllinə yönəlməsi mümkündür”.

Seçilən
18
1
turkustan.az

2Mənbələr