Münxen, 14 fevral, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen 62-ci Münxen Təhlükəsizlik Konfransındakı çıxışında Avropa İttifaqına (Aİ) üzv ölkələri qarşılıqlı müdafiə öhdəliyini ciddi qəbul etməyə çağırıb. O bildirib ki, Aİ müqaviləsində yer alan qarşılıqlı yardım maddəsi (42-ci maddənin 7-ci bəndi) seçim yox, hüquqi öhdəlikdir.
U.Lyayen vurğulayıb ki, “hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi yalnız etimad və real hərbi imkanlar olduğu halda məna kəsb edir.
O, Aİ-nin təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmaq üçün bu maddənin faktiki şəkildə işlək vəziyyətə gətirilməsinin vacibliyini qeyd edib.
U.Lyayen yeni Avropa təhlükəsizlik strategiyasının hazırlanmasını da təklif edib. O bildirib ki, Avropa təkcə hərbi gücü deyil, həm də ticarət, maliyyə, texnologiya, məlumatlar, kritik infrastruktur və informasiya kimi alətləri birgə istifadə etməlidir.
O, həmçinin Böyük Britaniya ilə daha sıx əməkdaşlığın vacibliyini vurğulayaraq, “Brexit”dən on il sonra belə Avropanın və Birləşmiş Krallığın gələcək təhlükəsizlik məsələlərində bir-birindən asılı olduğunu qeyd edib.
Qeyd edək ki, 42-ci maddənin 7-ci bəndi son günlər Qrinlandiya ilə bağlı müzakirələr fonunda yenidən gündəmə gəlib. Aİ müqaviləsində qeyd olunub ki, üzv dövlətin ərazisinə silahlı hücum olarsa, digər üzv dövlətlər öz imkanları daxilində bütün yardım və dəstək göstərməlidir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Münxen