AZ

Ukrayna Prezidenti: Rusiyanın əsas hədəfi enerji sistemini məhv etməkdir

BAKI, 15 fevral. TELEQRAF

Rusiya ordusu son bir həftə ərzində Ukrayna ərazisinə kütləvi hava hücumları həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

Dövlət başçısı bildirib ki, Rusiya tərəfi təkcə bu həftə ərzində Ukraynaya qarşı təxminən 1300 zərbə PUA-sı, 1200-dən çox idarə olunan aviasiya bombası və 50 raketdən istifadə edib. O, raketlərin demək olar ki, hamısının ballistik olduğunu vurğulayıb.

Zelenski qeyd edib ki, hücumların əsas məqsədi yenə də enerji infrastrukturudur:

"Bu gün düşmən hədəfində əsasən Odessa, Donetsk, Zaporojye və Sumı vilayətləri olub. Rusiyalılar zərbələri qəsdən elə kombinasiya edirlər ki, generasiya güclərini, yarımstansiyaları və şəbəkəni məhv etsinlər. Yaşayış infrastrukturuna da çoxlu sayda zərbələr endirilib. Hərbçilərimiz raketlərin əhəmiyyətli hissəsini vurublar, lakin təəssüf ki, hamısını zərərsizləşdirmək mümkün olmayıb. Buna görə də həyatların qorunmasında fasilə ola bilməz".

Ukrayna Prezidenti həmçinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində əldə olunan razılaşmalardan danışıb. O bildirib ki, "Berlin formatı"nın liderləri ilə fevralın 24-dək Ukrayna üçün konkret enerji və hərbi yardım paketləri barədə razılığa gəlinib:

"Tərəfdaşlarımıza kömək etməyə hazır olduqları üçün təşəkkür edirəm və təchizatların operativ şəkildə çatdırılacağına ümid edirik. Rusiyanı terror rıçaqlarından məhrum etmək üçün Ukraynaya hər gün hava hücumundan müdafiə sistemləri lazımdır ".

Seçilən
21
teleqraf.com

1Mənbələr