AZ

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

Suriya ordusu ölkənin Həsəkə vilayətində, Əl-Cəbsə neft yatağı yaxınlığında yerləşən ABŞ-ın Əş-Şəddadi hərbi bazası üzərində nəzarəti ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə ərəb respublikasının Müdafiə Nazirliyi SANA agentliyinə məlumat verib.

Bəyanata əsasən, hadisə fevralın 15-i, bazar günü baş verib. Tərəflər hələlik əlavə şərh verməyiblər. Qeyd olunur ki, proses “ABŞ tərəfi ilə razılaşdırıldıqdan sonra” həyata keçirilib.
 

Ötən ilin aprelində ABŞ Əş-Şəddadi şəhərində yerləşən və “Suriya Demokratik Qüvvələri”nin (SDF) nəzarətində olan bazadan hərbçilərin və hərbi texnikanın mərhələli şəkildə çıxarılmasına başlamışdı. Yanvarın sonunda Suriya prezidenti Əhməd əş-Şaraa və SDF rəhbəri Məzlum Abdi arasında əldə olunmuş razılaşmaya əsasən, kürd silahlı birləşmələri hökumət qüvvələrinin tərkibinə daxil ediləcək.


Bundan əvvəl Suriya Müdafiə Nazirliyi Qərb koalisiyasının istifadə etdiyi və ABŞ qüvvələrinin çıxarıldığı Ət-Tanf hərbi bazasının da hökumət qüvvələrinin nəzarətinə keçdiyini bildirmişdi. Nazirlik həmçinin Suriya hökumət qüvvələrinin “Suriya–İraq–İordaniya sərhədi boyunca Ət-Tanf səhrasında yerləşdirilməsinə” başlandığını açıqlamışdı.

Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşən Ət-Tanf bazası 2014-cü ildə ABŞ rəhbərliyindəki Qərb koalisiyası tərəfindən “İslam Dövləti” terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılmışdı və Dəməşq–Bağdad strateji magistralına nəzarət etməyə imkan verirdi.

Bizim.Media

Seçilən
50
1
bizim.media

2Mənbələr