AZ

Ögey anasını yerə yıxaraq ağzında olan qızıl protezi aparan şəxsə cəza verildi

Gəncə Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən İntiqam Amalovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İstintaqla müəyyən edilib ki, İntiqam Amalov özgənin əmlakını açıq talamaq məqsədi ilə 22 iyun 2025-ci il tarixdə səhər saat 07 radələrində ögey anası – Tərtər rayonu, Səhləbad kəndində yaşayan zərərçəkmiş Zəminə Poladovanın (adı, soyadı şərtidir) yaşadığı fərdi yaşayış evinə gəlib. Həmin vaxt evə gec gəldiyi üçün ona irad bildirən qadın ilə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı o, ögey anasının ağzından əli ilə tutaraq yerə yıxıb, sonra boğazından tutaraq sıxıb. Nəticədə İntiqam Zəminə Poladovaya boyunun aşağı 1/3 hissəsinin sağ və sol yan səthlərində sıyrıqlar, sol sağrı nahiyəsinin bayır səthində qançır xəsarətləri yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyib.

 

Bundan sonra təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmişin qulağında olan 583 əyyarlı, İtaliya istehsalı, ümumi dəyəri 405 manat təşkil edən bir cüt qızıl sırğanı, daha sonra isə ağzında olan, hər biri 110 manat dəyərində 1 qramlıq, 583 əyyarlı, Rusiya istehsalı 20 ədəd qızıl dişdən ibarət, ümumilikdə 2 200 manat dəyərində protezi zor tətbiq etməklə çıxarıb. O, ümumilikdə 2 605  manat məbləğində əmlakı açıq şəkildə talayaraq hadisə yerindən qaçıb.

 

Tərtər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan İntiqam apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 16 Fevral 2026, 09:03   
Seçilən
138
6
pravda.az

7Mənbələr