İsrailin baş naziri Tehranın zənginləşdirmə imkanlarından tam məhrum edilməsini tələb edib...
Poliqon xəbər verir ki, İsrailin baş naziri Benyanmin Netanyahu Qüdsdə ABŞ-nin aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşündə İranın uranı zənginləşdirmək imkanından tam şəkildə məhrum edilməsinə çağırıb.
Netanyahunun sözlərinə görə, o, ABŞ ilə İran arasında mümkün razılaşmanın əldə olunmasına skeptik yanaşır. Baş nazir bildirib ki, hər hansı saziş imzalanacağı təqdirdə, İsrail üçün prinsipial əhəmiyyət daşıyan bir neçə əsas şərt mütləq şəkildə sənəddə əksini tapmalıdır.
“Əgər razılaşma əldə olunacaqsa, o, bizim vacib hesab etdiyimiz bir neçə məqamı ehtiva etməlidir. Birincisi, bütün zənginləşdirilmiş materiallar İran ərazisindən çıxarılmalıdır. İkincisi, zənginləşdirmə fəaliyyəti ümumiyyətlə olmamalıdır, söhbət prosesin müvəqqəti dayandırılmasından deyil, bu fəaliyyəti mümkün edən avadanlıq və infrastrukturun tamamilə sökülməsindən gedir. Üçüncüsü isə, ballistik raket məsələləri də həll edilməlidir”, deyə Netanyahu vurğulayıb.
İsrail hökumət başçısı qeyd edib ki, Tehranla bağlı istənilən diplomatik təşəbbüs regionun təhlükəsizlik arxitekturasını və İsrailin milli maraqlarını nəzərə almalıdır. Onun fikrincə, yalnız sərt və konkret mexanizmlər İranın nüvə proqramı ilə bağlı riskləri aradan qaldıra bilər.
Xatırladaq ki, fevralın 14-də Axios portalı ABŞ rəsmilərinə istinadən yazıb ki, Vaşinqton İranla mümkün sazişə nail olmaq üçün İran neftinə qarşı təzyiqləri gücləndirməyi planlaşdırır. Məlumata görə, ABŞ-nin məqsədi iqtisadi rıçaqlardan istifadə etməklə Tehranın danışıqlarda daha güzəştli mövqe tutmasına nail olmaqdır.
Poliqon.info