AZ

Əliyevdən diqqətçəkən Rusiya açıqlaması – “Əvvəl təsadüf bilindi, lakin məlum oldu ki…”

Prezident İlham Əliyev Münxendə qatıldığı panel müzakirələrdə çıxışı zamanı Ukraynadakı səfirliyimizə hücum mövzusuna da toxunub. O bildirib ki, Azərbaycanın bu ölkədəki enerji obyektləri hədəf alınıb, həmçinin Kiyevdəki səfirliyimizə üç dəfə hücum olub.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ilk hücumun təsadüfən olduğunu düşünüb və Rusiya tərəfi ilə əlaqə saxlayaraq bütün infrastrukturların koordinatlarını təqdim edib. Lakin ikinci hücumda artıq hadisənin məqsədli şəkildə törədildiyini anlaşılıb. Rəsmi Bakı diplomatik yolla Moskvaya etirazını çatdırıb və bu hərəkətlərin dostaya hesab edilmədiyi bildirilib.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanla Rusiya arasında gərginlik artıq bir il iki aydır davam edir:

"Görünən əsas səbəb Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulması və bunun ardınca baş verən proseslərdir. Moskva ilk gündən etibarən AZAL təyyarəsi ilə bağlı məsələnin üzərindən sükutla keçməyə, hadisəni öz versiyası ilə izah etməyə çalışsa da, aparılan araşdırmalar göstərdi ki, təyyarə Rusiya tərəfindən vurulub.

Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycan cəmiyyətini qane edə biləcək açıqlamalar versə də, sonradan istintaqın faktiki olaraq dayandırıldığını və bu ölkənin məsuliyyətdən yayınmağa çalışdığını gördük. Bununla paralel olaraq, Kreml Azərbaycanla münasibətləri gərginləşdirmək və rəsmi Bakını təzyiq altında saxlamaq xəttini seçdi.

Azərbaycanlı millət vəkillərinin Rusiyaya buraxılmaması, diaspor nümayəndələrimizə qarşı açıq ittihamların irəli sürülməsi və saxlanmalar prosesin davam etdiyini göstərdi.

Ukraynadakı səfirliyimizin vurulmasına gəlincə, müharibə başlandığı gündən bəri biz oxşar insidentlərin şahidi oluruq. İlk vaxtlar rəsmi Bakı müharibə şəraitində bu kimi hadisələrin təsadüfi ola biləcəyini düşünürdü. Lakin görünən odur ki, səfirliyimizin davamlı şəkildə hədəf seçilməsi artıq sistemli və məqsədyönlü addım təsiri bağışlayır. Onu da qeyd edim ki, səfirliyimizlə yanaşı, SOCAR-a məxsus yanacaqdoldurma məntəqələri və boru kəmərləri də hədəfə alınır".

Politoloq bildirib ki, baş verənlər Rusiyanın Azərbaycana qarşı sistemli təzyiq kampaniyası həyata keçirdiyini göstərir:

"Bunun əsas səbəbi isə Rusiyanın hələ də keçmiş sovet ölkələrini özünün təsir dairəsi və "arxa bağçası" kimi görməsidir. Belə bir yolla dominant rolunu qorumaq və təsdiqləmək istəyir, bu məqsədlə müxtəlif vasitələrə əl atır. Lakin sözügedən yanaşma Rusiya üçün effektiv olmayacaq.

Bir neçə il əvvəl Moskva ilə Bakı arasında münasibətlər normal məcrada inkişaf edirdi və müsbət meyillər müşahidə olunurdu. Lakin Rusiyanın AZAL təyyarəsi məsələsində açıq və şəffaf mövqe sərgiləməməsi, dost ölkə deyil, sanki rəqib və ya düşmən ölkə kimi davranması Kremlə münasibəti ciddi şəkildə dəyişdi.

Bütün hallarda, Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinə səbəb olan tərəf məhz Moskvadır. Bakı bu günə qədər Rusiya əleyhinə xüsusi addımlar atmayıb. Lakin Kremlin davranışı göstərir ki, o, Azərbaycanı açıq şəkildə dost ölkə kimi görmür"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr