AZ

Şabrandakı qəzalı məktəblə bağlı AÇIQLAMA - FOTO

Sosial şəbəkələrdə Şabran rayonu Padar kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, yayılan fotolardan sinif otaqlarının divarlarında iri çatların olduğu görünür.

Buna baxamayaraq, şagirdlər təhlükəli vəziyyətdə dərs keçmək məcburiyyətində qalırlar.

“Qafqazinfo” problemlə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət edib. Agentlikdən cavab olaraq bildirilib ki, sözügedən təhsil müəssisəsinin əsaslı təmiri və ya yeni binanın inşası nəzərdə tutulur.

“Şabran rayon Padar kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir.

Hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır”, - məlumatda qeyd edilib.

Məlumatda həmçinin bildirilib ki, son iki ildə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilib, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib.

Seçilən
18
4
bakivaxti.az

5Mənbələr