AZ

Vüsal İsgəndərli: “Yaxın dostumu itirdim, avtomobil qəzası keçirdim”

Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli İdmanxeber.az saytına müsahibə verib.

O, komandanın cari mövsümkü çıxışından və çempionatdakı hədəflərindən danışıb. İsgəndərli həmçinin Albaniya liqasının səviyyəsindən və şəxs karyerasından da bəhs edib.

– Albaniya derbisində qol vurdun və komandan qalib gəldi. Necə şərh edirsən görüşü?

Əvvəla sizin vasitənizlə bütün Azərbaycan mətbuatına təşəkkür edirəm. Davamlı mənimlə maraqlanırsınız, yanımda olursunuz. Bunu hiss etmək çox gözəldi. Çünki ölkəxaricində oynayan futbolçular üçün belə şeylər önəmlidir. Oyuna gəlincə, qol vurduğum üçün çox sevinirəm. Bu, bizim üçün önəmli matç idi. Albaniyanın ən böyük oyunudur bu görüş. Həmişə çalışıram ki, yaxşı oynayım, nəticə qazanım. Çünki burada ölkəmi təmsil edirəm. Mən yaxşı oynayanda bütün azərbaycanlı futbolçulara qarşı münasibət dəyişir. Maraq artır.

– Albaniya çempionatı barədə nə deyə bilərsən? Səviyyə necədir?

İnanın ki, çox çətindi burada oynamaq. Çempionatın səviyyəsi yüksəkdir. Bəzən baxıram ki, mətbuatda yerli futbolçulara “heç olmasa gedib Albaniyada oynasınlar” deyirlər. Sanki asanmış kimi (gülür). Qətiyyən belə deyil. Ciddi rəqabət var. Amma azərbaycanlı futbolçular üçün fürsət ola bilər. Yayda bir azərbaycanlı oyunçu var idi ki, Albaniyaya gətirmək istəyirdim. Sadəcə, avrokuboklarda mərhələ keçə bilmədik deyə, transfer baş tutmadı. Adını deyə bilməyəcəm. Amma çox istəyirəm onun bura gəlməsini. Albaniyada çox uğurlu olacağını düşünürəm. Çünki buradan daha yaxşı komandaya transfer ola bilər. Təəssüf ki, alınmadı. Amma çalışıb yerli futbolçuları bura gətirəcəm. Çünki Albaniya əsl tramplindir. 

– “Partizani” hazırda çempionatda beşşinci sıradadır. Komandanın hədəfi nədir?

Hədəfimiz təbii ki, avrokuboklardır. “Partizani” böyük klubdur. Klubun hədəfi həmişə çempionluqdur. Ancaq bu mövsüm çempionata yaxşı başlamadıq. Sonra məşqçi dəyişikliyindən sonra bir az toparladıq. Köhnə məşqçimizi günahlandırmıram. Sadəcə, alınmadı. Albaniya liqası inanın ki, asan deyil. Bu ölkənin avrokuboklarda yaxşı çıxış edən  klubları olub. Burada oynayan yüksək səviyyəli futbolçular da var. Onların Albaniyadan hansı klublara getdiyinə baxın. Təssəvvür edin ki, sabiq komandam “Eqnatiya” bir mövsümdə 10 futbolçu satdı. Görün bu nə deməkdir? Deməli, bu ölkəninin futboluna maraq yüksəkdir. Çox baxılır, izlənilir. “Eqnatiya”da bir futbolçu var idi – Alen Şeri. Çox bəyənirdim onu. Azərbaycandan da bu futbolçuya maraq var idi. Biraz da mənim vasitəmlə. Amma təəssüf ki, onu almadılar. Həmin futbolçu sonra İtaliya A Seriya təmsilçisi “Kalyari”yə getdi.

– Bəs sənə hansı ölkələrdən təkliflər gəlir?

Qışda Qazaxıstandan iki klub mənimlə maraqlanıb. Birbaşa klubla əlaqə saxlayıblar. Ancaq “Partizani” onlardan yüksək məbləğdə təzminat istədiyi üçün transfer baş tutmayıb. Azərbaycandan da təkliflər oldu. Ancaq hazırda qayıtmağa düşünmürəm. Hədəfim klubumla avrokuboklara vəsiqə qazanmaqdır. Bütün fikrim buradadır. Albaniya kubokunda da yolumuza davam edirik. 

– Sənin ən gözlənilməz qərarın “Eqnatiya”dan Türkiyənin “Boluspor” klubuna transferin olmuşdu. Çünki həmin vaxt “Eqnatiya” çempionluğa oynayırdı…

Bəli, elə oldu. Amma bunun səbəbləri var idi. Səhv qərar verdiyimi düşündülər. Mənə görə isə səhv deyildi, təcrübəydi. Bugünkü ağlım olsaydı, “Eqnatiya”da qalardım. Ancaq həmin vaxt Albaniyada yaxşı şeylər yaşamadım. Komandadakı ən yaxın dostum vəfat etdi. Daha sonra həmin şəhərdə avtomobil qəzası keçirdim. Sol əlim ciddi xəsarət aldı. Bunları heç kim bilmirdi. Yaşadıqlarım hamısı mənə ciddi təsir etdi. Bu səbəbdən də oradan ayrılmağa qərar verdim. Klub rəhbərliyi də anlayışla qarşıladı və ayrılmağıma icazə verdi. Əslində “Eqnatiya” “Boluspor”dan çox ciddi təzminat tələb edirdi. Amma mənim xahişimlə tərəflər ortaq məxrəcə gəldilər. Təəssüf ki, Türkiyədə işlər istədiyim kimi getmədi. Albaniyada hər oyun əsas heyətdə idim, qollar vururdum. “Boluspor”da isə belə olmadı. İndi isə bütün fikrim “Partizani”dədir. Yalnız  klubun hədəflərinə köklənmişəm. Özümü yaxşı tərəfdən göstərib milliyə dəvət almaq istəyirəm.

Həsən Quluzadə

 

 

Seçilən
22
idmanxeber.az

1Mənbələr