AZ

Prezidentin Serbiya səfəri: "!Azərbaycan Balkanlarda mövqeyini gücləndirir"

Azərbaycan-Serbiya münasibətləri daha da möhkəmlənməkdədir.

Bu gün Azərbaycan ilə Serbiya arasında diplomatik-siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, hərbi təhlükəsizlik, mədəniyyət sahələrində ikitərəfli münasibətlər və əlaqələrin genişlənməsi istiqamətində qarşılıqlı addımlar atılır.

Hazırda istərsə regional, istərsə də beynəlxalq səviyyədə hər iki ölkə bir-biri ilə əməkdaşlıq edir və qlobal sülhə və təhlükəsizliyə mühüm töfhə verirlər.

Azərbaycan-Serbiya münasibətlərində enerji əlaqələri xüsusi yer tutur və artıq 15 ildən çoxdur ki, Azərbaycan və Serbiya neft-qaz sahəsində birgə layihələr həyata keçirirlər. Ən əsası da Azərbaycan Serbiyaya qaz tədarük edən ölkələrdən biridir. 

Qeyd edək ki, fevralın 15-də Prezident İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərvəsində hər iki ölkənin dövlət başçıları və hökumət nümayəndələrinin görüşü keçirilib və sonda isə Prezident İlham Əliyev və Prezident Aleksandr Vuviçin iştirakı ilə iki ölkə arasında mühüm sazişlər imzalanıb. 

Məsələ ilə bağlı politoloq Tural ismayılov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və bu səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə sazişlərin imzalanması Azərbaycan-Serbiya münasibətlərinin inkişafında və möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir:

“Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərən mühüm siyasi hadisədir.

Bu səfər çərçivəsində imzalanan sazişlər enerji, nəqliyyat, ticarət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığı genişləndirərək münasibətləri institusional müstəviyə daşıyır. Azərbaycan üçün Serbiya Balkanlarda mühüm tranzit qovşağıdır, Avropaya çıxış imkanlarını artırır və enerji resurslarının şaxələndirilməsində strateji rol oynayır.

Serbiya üçün isə Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında alternativ mənbədir, həmçinin iqtisadi və investisiya imkanlarını artırır. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir ki, bu da diplomatik mövqelərin möhkəmlənməsinə xidmət edir.

İqtisadi baxımdan qarşılıqlı investisiya imkanları genişlənir, biznes mühiti daha əlçatan olur, humanitar əlaqələr xalqlar arasında yaxınlaşmanı gücləndirir və uzunmüddətli dostluğun sosial bazasını yaradır.

Bu səfərin strateji dəyəri ondan ibarətdir ki, Azərbaycan Balkanlarda mövqeyini gücləndirir, Serbiya isə enerji və iqtisadi şaxələndirmə imkanları qazanır. Nəticədə münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq səviyyəsinə yüksəlir və regional sabitlik, iqtisadi inkişaf, siyasi dəstək baxımından hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edir”.

Seçilən
53
cebheinfo.az

1Mənbələr