Bakı, 16 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığı, mövcud olan qurğunun nasaz olduğu, elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi və müvafiq aktın tərtib edilmədiyi aşkarlanıb. Həmçinin obyektin odsöndürən balonlarla tam təmin olunmadığı, bəzi daxili divarların yanar materiallarla üzlənmədiyi, mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə aktın təqdim edilmədiyi, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planının tərtib edilmədiyi, obyektdə köçürmə yolunu göstərən nişanların olmadığı müəyyən edilib. Həmçinin obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.
“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Yuxa” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.