AZ

Dördüncü Avropa Türk Media Zirvəsi Almaniyanın Gelsenkirchen şəhərində baş tutdu - Fotolar 

Dördüncü Avropa Türk Media Zirvəsi Avropa Türk Mətbuat Yayım və Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Almaniyanın Gelsenkirchen şəhərində baş tutdu...

Tədbirdə Almaniya və Türkiyədən yüksək səviyyəli rəsmilər, millət vəkilləri, media rəhbərləri və ictimai xadimlər iştirak ediblər. İştirakçılar arasında Türkiyənin Düsseldorfdakı baş konsulu Ali İhsan İzbul, AK Parti sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Prof. Dr. Kürşat Zorlu, CHP millət vəkili Ali Öztunç, İYİ Partiyanın Türk Dünyası və Xarici Təşkilatlanma rəhbəri Ayyüce Türkeş Taş, Yaşıllar Partiyasının NRW üzrə deputatı Gönül Eğlence, CDU Bremen parlamentinin üzvü Oğuzhan Yazıcı, SPD-dən federal millət vəkilləri, TÜRKSOY baş katibinin müavini Sayit Yusuf, EkoAvrasiya Vəqfinin sədri Hikmət Eren, Şimali Kipr “Hakikat” qəzetinin baş redaktoru Prof. Dr. Güvən Arıklı, Türk Dünyası Vətəndaş Cəmiyyəti və Əməkdaşlıq Dərnəyinin sədri Kemal Kurnaz, Hollanda Türk Evinin rəhbəri Veyis Güngör, Türk İnternet Media Birliyinin Xarici Əlaqələr Şurasının sədri və Azərbaycan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Türkiyə və Uyum Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Halil Uslucan, Eskişehir Anadolu Universitetinin rektoru Yusuf Adıgüzel və digər ictimaiyyət nümayəndələri yer alıblar.

Rəsmi çıxışlardan sonra zirvə panel müzakirələrlə davam edib.

Zirvənin birinci oturumunda Avropada türk dilli medianın mövcud vəziyyəti, maliyyə imkanları, süni intellektin və sosial medianın təsiri müzakirə olunub. Bu hissədə Belçikada fəaliyyət göstərən Gündem.be xəbər portalının baş redaktoru Hüseyn Dönmez, Böyük Britaniyada nəşr olunan “Avropa” qəzetinin baş redaktoru Vatan Öz, Hollandiyada fəaliyyət göstərən Beynəlxalq Jurnalistlər Cəmiyyətinin nümayəndəsi Özcan Özbay, Almaniyada yayımlanan Kanal Avropa televiziyasının təmsilçisi Ali Çalışkan, TRT Almaniyanın nümayəndəsi Ramazan Aktaş, Avstriyada fəaliyyət göstərən “Avstriya Gündəmi” platformasının proqram hazırlayanı Adil Elmas və İsveçrədə çalışan jurnalist Levent Karaağaç çıxış ediblər. Onlar Avropadakı türk mediasının qarşılaşdığı struktur problemlərdən, rəqəmsal transformasiyadan və yeni media mühitinin yaratdığı çağırışlardan danışıblar.

İkinci oturum isə diasporada medianın rolu mövzusuna həsr olunub. Burada Avropadakı türk icmasının cəmiyyət qarşısındakı məsuliyyəti, milli kimliyin qorunması və medianın birləşdirici funksiyası geniş şəkildə təhlil edilib. Müzakirələrdə EkoAvrasiya Vəqfinin sədri, dr. Hikmət Eren, TRT Türkün baş koordinatoru Bülent Ata, Almaniyada fəaliyyət göstərən Türkiye Gazetesinin köşə yazarı və sosioloq Ali Kılıçarslan, Şimali Kiprdə nəşr olunan Hakikat qəzetinin baş redaktoru Prof. Dr. Güvən Arıklı, Hollandiyada Hollanda Türk Evinin rəhbəri, yazıçı və şərhçi Veyis Güngör, Almaniyada yayımlanan Kanal Avropanın şərhçisi və jurnalisti Ahmet Özay, Azərbaycan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və Almaniyada nəşr olunan “Sabah” qəzetinin baş redaktoru İsmail Eren çıxış ediblər. Çıxışlarda diaspor mediasının həm milli dəyərlərin qorunmasında, həm də Avropa cəmiyyətinə inteqrasiyada mühüm rol oynadığı xüsusi vurğulanıb.
Zirvə mükafatlandırma mərasimi ilə davam edib.

Avropa Türk Mətbuat Yayım və Jurnalistlər Birliyinin sədri Ali Paşa Akbaş sonda bildirib ki, artıq dördüncü dəfə keçirilən zirvə Avropa türk diasporasının güclənməsinin göstəricisidir. Onun sözlərinə görə, 60 ildən artıq miqrasiya tarixinə malik olan və sayı 6 milyonu keçən türk icması artıq Avropada daimi diasporaya çevrilib. Akbaş vurğulayıb ki, məqsəd Avropa ilə yanaşı Azərbaycan və Kiprdən olan media nümayəndələri ilə bir araya gələrək ortaq problemləri müzakirə etmək və daha güclü, funksional media mühiti formalaşdırmaqdır.

Poliqon.info

Seçilən
19
1
poliqon.info

1Mənbələr