Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimli yenidən hakim qarşısına çıxarılıb.
NOCOMMENT.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətinin 4 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxıb.
Şikayət təmin olunmayıb və Ə.Kərimli həbsdə saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsi eyni zamanda AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlinin həbs müddətinin 4 ay uzadılması barədə qərardan verilən şikayətə baxıb. Şikayət təmin olunmayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib. Fevralın 9-da Səbail Rayon Məhkəməsi Ə.Kərimli və M.İbrahimin həbs müddətinin 4 ay müddətinə uzadılması haqqında qərar verib.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.