AZ

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan "IT SkillSprint"in açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Ironhack" tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Aznews.az xəbər verir ki, Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova və "Ironhack" şirkətinin direktoru Gonzalo Manrique Sabatel çıxış ediblər. Çıxışlarda bildirilib ki, proqramın əsas məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet–sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarının tətbiqi hədəflənir.

Proqrama müxtəlif ali təhsil müəssisələrinin 3-cü kursunun II yarımilində təhsil alan, universitetə 400 və daha yüksək balla qəbul olunmuş 123 tələbə seçilib. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olub.

Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və DevOps istiqamətlərini əhatə edir. Tədris hibrid təhsilalma formasında təşkil olunacaq. Proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər keçəcəklər. "Bootcamp" modelində nəzərdə tutulan tədris prosesi tələbələrə real layihələr üzərində işləmək və peşəkar portfel formalaşdırmaq imkanı yaradacaq.

Bununla yanaşı, proqram çərçivəsində tələbələr üçün hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan "Ironhack" şirkəti tərəfindən sertifikat əldə edəcəklər.

Seçilən
30
7
aznews.az

8Mənbələr