AZ

Rusiyada “şəfaçı”nın oğlu narkotik istehsalına görə 17 il HƏBS EDİLDİ

“Şəfaçı”nın oğlu narkotik laboratoriyası qurduğu üçün 17 il həbs cəzası alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Samara şəhərində 42 yaşlı İlya Peunovun məhkəməsi başa çatıb. O, külli miqdarda narkotik vasitələrin istehsalında təqsirli bilinərək 17 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib.

Məhkəmənin qərarı ilə onun mənzili və avtomobili dövlət nəfinə müsadirə olunub.

İstintaq materiallarına görə, Peunov 2025-ci ilin martında öz mənzilində saxlanılıb. Orada mefedron istehsalı üçün nəzərdə tutulmuş gizli laboratoriya aşkar edilib.

Müəyyən olunub ki, o, cəmi bir neçə gün ərzində 11 kiloqramdan çox narkotik vasitə hazırlayıb və onu satmağı planlaşdırıb. Lakin hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu planın qarşısı alınıb.

Qeyd edək ki, İlya Peunov özünü “bəşəriyyətin xilaskarı” və “Nibiru planetindən olan reptiloidlərlə mübarizədə son ümid” adlandıran məşhur rusiyalı “şəfaçı” Svetlana Lada-Rusun (Peunova) oğludur.

Svetlana Lada-Rus hazırda dələduzluq, sağlamlığa qəsdən ağır zərər vurma və vətəndaşların hüquqlarını pozan qeyri-kommersiya təşkilatı yaratma ittihamları ilə beynəlxalq axtarışdadır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
87
interpress.az

1Mənbələr