AZ

Kirayə mənzildə baş verən hadisələrə görə kim məsuliyyət daşıyır?

Kirayə mənzillərdə baş verən dəm qazı zəhərlənməsi halları hər il ciddi narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Belə hadisələr zamanı məsuliyyətin kimə aid olması isə cəmiyyətdə ən çox müzakirə olunan suallardandır. Bəs kirayədəki şəxs zəhərlənərsə, ev sahibi hüquqi məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, belə hadisələrdə ilkin olaraq prokurorluq tərəfindən araşdırma aparılır.

Ramil

“Kirayənişinin kimliyindən asılı olmayaraq dəm qazından zəhərlənmə faktı qeydə alınarsa, hüquqi qiymət verilməsi üçün mütləq araşdırma başlanır. Araşdırmanın yekununda ya cinayət işi açılır və təqsirli şəxsə ittiham elan olunur, ya da cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilir”.

Hüquqşünas qeyd edib ki, tibbi və texniki ekspertizaların nəticəsində mənzildə qaz avadanlıqlarının təhlükəsizlik qaydalarına zidd şəkildə quraşdırıldığı müəyyən edilərsə, bu halda ev sahibinin məsuliyyəti yarana bilər.

“Əgər sübut olunsa ki, qaz sobası və ya digər avadanlıqlar texniki normalara uyğun quraşdırılmayıbsa, artıq mülkiyyətçinin məsuliyyəti müəyyən olunur”, – deyə o, vurğulayıb.

Ramil Süleymanov əlavə edib ki, bəzi hallarda ərazi üzrə qaz istismar sahəsi və qaz təchizatçısı qurumun da məsuliyyəti istisna edilmir. Bu baxımdan qaz verən şirkətin, o cümlədən Azəriqaz qurumunun da mülki məsuliyyət daşıması mümkündür.

“Vətəndaşlar yalnız qaz sızması faktının deyil, həm də sızan qazın təhlükəlilik dərəcəsinin düzgün müəyyən olunmasını tələb etmək hüququna malikdirlər”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
84
1
konkret.az

2Mənbələr