AZ

Ruben Vardanyan: beynəlxalq cinayətkarın Qarabağda törətdikləri və cəzası

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prossesində erməni əsilli rusiyalı iş adamı, Qarabağda keçmiş separatçı rejimin qondarma “dövlət naziri” olmuş Ruben Vardanyan 20 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Dörd il öncə - 2022-ci ildə Qarabağa qanunsuz şəkildə gələn hesab edirdi ki, törətdiyi cinayətlər cəzasız qalacaq, o da erməni xalqının gözündə “artsax qəhrəmanı” kimi tanınacaqdı. Lakin cinayət cəzasız qalmadı.

Azərbaycan dövlətinin xalqımıza qarşı müharibə cinayətləri törətmiş şəxsləri heç bir beynəlxalq dəstək olmadan ədalət qarşısına çıxarmasından Ruben Vardanyan da öz payını aldı. O, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunurdu və uzun sürən məhkəmə prosesinin yekunda cinayətlərinə görə cəzasını aldı.

2022-ci ilin sentyabrında Rusiyadan Qarabağa qeyri-qanuni şəkildə gələn Vardanyan 2023-cü ilin sentyabrında – Xankəndidən qaçış cəhdinə qədərki bir il müddətində Azərbaycan Cinayət Məcəlləsinin çoxsaylı maddələri üzrə konkret cinayət əməlləri törədib. Ona qarşı irəli sürülən ittihamların sayı da bunu təsdiq edir: 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri;

Vardanyanın törətdiyi cinayətlərin traektoriyası beynəlxalq səviyyədədir. Onun Qarabağa gəlişi də əslində bu cinayət prosesinin davamı idi. Detallar Rubenin çirkli pulların yuyulması mexanizmində əks olunur.

R.Vardanyan milyardları Rusiyada qazansa da, Qərbdə də yüksək “hörmətlə” qarşılanırdı. Bunun da səbəbi Rusiya-Qərb xəttində hər iki tərəfindəki maraqlı qrupların işini həyata keçirməsi, xüsusilə çirkli pulların yuyulması mexanizmini yaratması olub. 2019-cu ildə “Azadlıq radiosu”nun OCCRP-ə (Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) istinadən yayımladığı “Troyka camaşırxanası: Ruben Vardanyan yeni simada” sərlövhəli məqaləsində erməni milyarderin gerçək siması ifşa olunur.

Vardanyanın həmtəsisçisi və rəhbərlik etdiyi “Troyka dialoq” investisiya bankı 2006-cı ildən başlayaraq, 9 milyard dollara yaxın vəsaiti “yuyub”. Erməni milyarder vergidən yayınır, aktivlərini gizlədir, beynəlxalq nəzarət orqanlarını aldadırdı. Çirkli pulların yuyulmasını həyata keçirən Vardanyan digər tərəfdən “xeyriyyəçilik” obrazı ilə cinayətlərini ört-basdır etməyə çalışırdı. Onun “Qərbdə Rusiya kapitalizminin dost nümayəndəsi” kimi tanınması da bu kontekstdə təsadüfi deyildi, çünki rəhbərlik etdiyi “Avrora Humanitar Təşəbbüs” qrupu ilə “humanitar yardımlar” edir, Ermənistanda monastrların bərpasına maliyyə yardımı ayırır, məşhur Hollivud ulduzu Corc Kulini kimi şəxslərlə yaxın əlaqələr qururdu. Vardanyan hətta erməni diasporunun yaxın dostlarından olan Samanta Pauerlə sıx münasibətlərə malik olub.

R.Vardanyan Qarabağın işğalda saxlanılmasına dəstək məqsədilə yüzmilyonlarla dollar vəsait xərcləyib. “Forbes”in məlumatına görə, 2001-2023-cü illər ərzində o, Ermənistana və Qarabağdakı separatçılara “investisiya” adı altında 700 milyon dollar pul xərcləyib. Bununla yanaşı, Yaxın Şərqdən, xüsusilə Livan və Suriyadan ermənilərin Qarabağa köçürülməsi, burada məskunlaşdırılmasına da böyük dəstək verib. Vardanyan Qarabağın işğalı dövründə erməni diasporu/lobbisinin Azərbaycana qarşı həyata keçirdiyi təzyiq kampaniyasının da əsas sponsorlarından idi.

2022-ci ilin sentyabrında o, Qarabağa köçəndə məqsədi heç də iddia etdiyi kimi, “ermənilərə” dəstək vermək yox, ilk növbədə sanksiyalardan qaçmaq və çirkli pulların yuyulması prosesini davam etdirmək idi. Çünki Ukrayna müharibəsi başladıqdan sonra Rusiya oliqarxları sanksiyalar altına düşdü və Vardanyan da əsas hədəflərdən birinə çevrildi. Əslində 2019-cu ildə OCCRP-də “Troyka çamaşırxanası”nın ifşa edilməsində bunun siqnalı verilmişdi. Bu baxımdan, Ukrayna müharibəsi başlanmasından – sanksiyalara start verilməsindən sonra Vardanyan birdən çox məqsədinə nail olmaq üçün Qarabağa köçdü.

R.Vardanyan çirkli pulların yuyulmasına görə, adının “qara siyahıya” düşməsi riskinə görə Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa gəldi. Bu gediş həm də Qərbdə dəstək qazanmağa hesablanmışdı. Qondarma “arsax”a dəstək verməklə erməni diasporu/lobbisinin dəstəyini əldə etməyi, mümkün riskləri onların vasitəsilə önləmək, “çirkli pul yuma” mexanizmini davam etdirmək istəyirdi. Qondarma “artsax təhlükəsizlik və inkişaf fondu” adlı təşkilatı da bu məqsədlə yaratmışdı. Vardanyanın Qarabağdakı fəaliyyəti erməni diasporu/lobbisini qane edirdi. Çünki Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgəyə Qərb ölkələrindən “erməni maliyyəsini” göndərmək çətindir, bu baxımdan, erməni diasporu/lobbisinə yaxın olan erməni əsilli Rusiya milyarderi Vardanyan ən unikal seçim idi. Bununla yanaşı, Vardanyanın Qarabağa gəlişi onun çirkli pulları yuma mexanizmindən yararlanan Qərb ölkələrindəki dairələrə də sərf edirdi. “Troyka camaşırxanası” haqda faktların yayılmasına, eləcə də, Ukrayna müharibəsindən sonra rusiyalı milyarderlərə sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Vardanyanın kənarda qalması, “gizli əllər” tərəfindən qorunması da bunu təsdiq edirdi.

Vardanyanın Qarabağa köçməsi sanksiyalarla üzləşən Rusiyanın da marağında idi. Moskva Qarabağdakı separatçıların maliyyə ilə təmin edilməsini erməni milyarderin üzərinə qoyur, digər tərəfdən, erməni diasporu/lobbisi ilə əlaqələrə malik olan Ruben Rusiyaya qarşı sanksiyaların dəlinməsini və rusların da pullarının “təmizləməsini” həyata keçirirdi.

Ruben Qarabağa gələn kimi separatçı rejimdə qondarma “dövlət naziri” postuna sahib oldu. Bu “vəzifədə” olarkən, Azərbaycana qarşı separatçılığı həyata keçrir, o cümlədən, silahlı dəstələrin yaradılmasından maliyyələşməsinə qədər qeyri-qanuni işlər gördü. Vardanyan “vəzifəsi”ndə 4 ay qalsa da, artıq saysız cinayət əməlləri törətmişdi. Lakin o, qondarma “vəzifəsi”ndən uzaqlaşdırıldıqdan sonra da Qarabağı tərk etmədi, separatizm, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə fəaliyyətlərini davam etdirdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda suverenliyini bərpa etmək məqsədilə anti-terror əməliyyatı keçirəndə Vardanyan İrəvana qaçmağa çalışsa da, Laçın postunda saxlanıldı və Bakıda məhkəmə qarşısına çıxarıldı. Məhkəmə prosesinin yekununda Ruben Vardanyan 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.

Vardanyanın cəzalandırılması xalqımıza qarşı cinayətlər törətmiş şəxslərin qanun qarşısına çıxarılması, ədalətin bərpa olunması ilə yanaşı, eyni zamanda, beynəlxalq cinayətkarlığın aradan qaldırılmasıdır.

Asif Nərimanlı

Seçilən
15
1
publika.az

6Mənbələr