AZ

Hansı yaşdan etibarən oruc tutmaq vacib sayılır? -İlahiyyatçı AÇIQLADI

Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edəcəyi ehtimal olunur. Müsəlmanlar üçün Ramazan ayı mənəvi təmizlənmə, səbir və ibadət ayıdır və oruc tutmaq İslamın əsas vacib əməllərindən biri sayılır. Ramazan yaxınlaşdıqca valideynləri narahat edən əsas suallardan biri də uşaqların oruc ibadətinə münasibətidir. 

Uşaqlar üçün oruc hansı yaşdan etibarən vacib hesab olunur? Onların sağlamlığı və psixoloji vəziyyəti baxımından valideynlər nələrə diqqət yetirməlidirlər?

İlahiyyatçı Tural İrfan Redaktor.az-a açıqlamasında bildirdi ki, uşaqların ibadətlərə mükəlləf olması həddi-buluğa çatdıqdan sonra başlayır:

"Bu da regiona, yaşadığı ölkəyə görə müxtəlif yaş ola bilər. Burada konkret yaş həddi göstərmək qeyri-dəqiqlik və formal xarakter daşıyır. Amma uşaqların özləri istəsə, gücləri yetsə, onlara fərz olmasa belə, oruc tuta bilərlər. Amma mütləq tibbi rəy ac qalmağın onlar üçün zərərli olmadığını ifadə etməlidir. İbadət zərər vurmaq üçün deyil, fayda vermək üçündür. Əgər uşaqlar oruc tutarsa, valideynlər onların normal qidalanmasına diqqət etməlidirlər. Doğrudur, indi sosial vəziyyətin qənaətbəxş olmaması imkansız ailələrin oruc tutmasını mümkünsüz edir. Lakin yenə də təkid edib oruc tutacağını bildirən həddi buluğa çatmayan uşaqlara normal qidalar verilməlidir. Lakin bir daha qeyd edək ki, vacib oruc insanın normal həyata qədəm qoyduğu, özünü tam ifadə edə bildiyi, eyni zamanda fiziki yöndən buluğ çağına yetişdiyi zamandan başlayır. İbadətdə başqasını və özünü məcbur etmək olmaz. İbadətlər inam, istək və könüllü olmalıdır. Uşaqları məcbur da etmək olmaz. Çünki uşaqlar dinə həvəs göstərmək əvəzinə ikrah edə bilərlər".

Aytəkin TOFİQQIZI

Seçilən
66
redaktor.az

1Mənbələr