AZ

Yaza nə qaldı…

reportaj

Gəncənin küçə və meydanlarında, parklarında bahar tədricən özünü göstərir. Özü də bu dəyişiklik sadəcə havanın isinməsi ilə deyil, şəhərin müxtəlif güllərlə bəzədilməsində də özünü büruzə verir. Gəncənin ən mərkəzi nöqtələrindən biri olan İcra Hakimiyyətinin İnzibati binasının ətrafında, Dövlət Bayrağı dirəyinin yaxınlığında, buta formaları və güldanlar bu gün rəngarəng güllərlə bəzənir.

Ərazidə işçilər torpaq və torf qarışığını əl ilə səpərək yeni əkiləcək primula güllərinə yer hazırlayır. Yaşıllaşdırma şöbəsinin müdiri Elmar Əzizov da buradadır, işlərin gedişini izləyir.

– Əvvəlcə köhnə və ömrünü bitirmiş gül kollarını təmizləyirik, torpağı zənginləşdiririk. Bu, bitkilərin sağlam və uzunömürlü olması üçün vacibdir. Bizim məqsədimiz yalnız şəhəri gözəlləşdirmək deyil, həm də sakinlər üçün təmiz, yaşıl və rahat mühit yaratmaqdır.

Ərazidəki canlı mənzərə sakinlərin də marağına səbəb olub. Uşaqları ilə gəzən şəhər sakini Yaşar Məmmədov deyir: “Uşaqlar burada dayanıb, güllərin ətrini çəkir, şəkil çəkdirirlər. Həqiqətən də kiçik, amma böyük sevinc bəxş edən bir mənzərə yaranıb”.

Yaxınlaşan bir qrup gənc isə telefonlarını çıxararaq gül əkini prosesini çəkir. Yaşlı qadın Nigar Əliyeva isə əlavə edir: “Bu rəngarəng gülləri görmək insana həqiqətən də baharın yaxınlaşdığını xatırladır. Şəhər daha canlı və xoş görünür”.

Aksiya çərçivəsində işçilər yalnız yeni gülləri əkmir, həm də mövcud yaşıllığa aqrotexniki qulluq göstərir, ərazinin suvarılmasını təmin edirlər. Elmar Əzizov bildirir ki, mövsümü güllərin əkini yalnız bu ərazi ilə məhdudlaşmayacaq, şəhərin digər yerlərində də yaşıllıq zolaqları artırılacaq.

Gəncənin mərkəzində bu gün yaranan mənzərə göstərir ki, yaz hələ tam gəlməsə də, açan güllər və yaşıllıq şəhərin ruhunu canlandırır, sakinlərin üzünə təbəssüm gətirir. Yekdil rəy budur ki, hər bir gül əkini aksiyası, şəhərə həyat və bahar müjdəsi gətirən kiçik, amma təsirli bir addımdır.

Bəli, yaz yaxınlaşır… Aşıq Alı necə deyib?

Aydır, ildir, gəlib-keçir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Seçilən
26
1
xalqqazeti.az

2Mənbələr