AZ

Ağstafalı fermerlər yaz-tarla işlərini sürətləndirirlər

Bu il qış kənd təsərrüfatı üçün əlverişli keçir. Ən əsası, əkin sahələrinin su ilə təminatında çətinlik yoxdur. Əkinçilikdə vacib olan qarın yağması həm yazda bol su üçün zəmin yaradır, həm də ziyanvericiləri məhv edir. 

Bütün kənd rayonları kimi, Ağstafanın iqtisadiyyatının da özəyini aqrar sahə təşkil edir. Son illər bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində məhsul istehsalında xeyli uğurlar qazanılmışdır. Amma indi yaz-tarla işlərinin qızğın vaxtıdır. Fermerler, təsərrüfat sahibləri yaz-tarla işlərinə ilk olaraq meyvə bağlarından başlamışlar. Hazırda rayonda 1619,3 hektar meyvə bağı mövcuddur. Bu bağlara üzvi və mineral gübrələr verildikdən sonra ağacların dibi yumşaldılır. Ən çox diqqət rayonda salınmış intensiv meyvə bağlarının becərilməsinə yönəlib. Keçən il Kolxəlifəli kəndində Səxavət Binnətov 55, Aşağı Göyçəli kəndində Nazim Əhmədov 6, Zəlimxan kəndində Elfaq Mamayev 1,49 hekarda intensiv fındıq bağları salıblar. Bağlara yüksək səviyyədə qulluq edilməklə 100 faiz bitiş əldə edilib. Bağbanlar paralel olaraq xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri də görürlər. 

Rayonda 508 hektar üzüm bağı da var. Üzümçülük gəlirli sahə olduğu üçün fermerlər arasında bu sahəyə maraq çoxdur. Ötən il fermerlər hər hektar üzüm bağından orta hesabla 153 sentiner məhsul əldə etmişlər. Poylu kəndindən Səməndər Vəliyev, Qurban Aslanov və Kolxəlifəli kəndindən Yuləti Kərimov üzüm bağlarından daha çox məhsul toplamışlar. Hazırda bağlarda budama ilə yanaşı, təmir işləri də aparılır. 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
70
azerbaijan-news.az

1Mənbələr