AZ

Tale mənə şairliyi könül dostu verib...

Bu gün Nəriman Həsənzadənin 95 illiyi tamam olur

Bakı, 18 fevral, AZƏRTAC

Bütün varlığı ilə xalqına bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm adamlarındandır Nəriman Həsənzadə. Millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə ön sıralarda yer alıb.

AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan poeziyasının, ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən birinin - Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam olur.

Nəriman Həsənzadəni xoşbəxt qələm adamlarından hesab etmək olar. Ona görə ki, hər zaman həsrətlə gözlədiyi Qələbə sevincini dadıb. O, tez-tez deyirdi ki, “Qarabağ ürəyimizin yaralı yeridir. Ən böyük istəyim gedən quşların öz yuvalarına qayıtdığı kimi, Qarabağın qayıdışıdır”. Artıq Xalq şairinin bu arzusu çin olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağı yağı tapdağından azad edib.

Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub.

Xalq şairi 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub, 100-dən artıq şeirinə musiqi bəstələnib.

Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc edilib. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.

“Tale mənə şairliyi könül dostu verib”, - deyən şairin qarşıdakı illərdə də əzəli və əbədi “dostu” ilə çox sirdaşlıq edəcəyinə və neçə-neçə yeni poetik nümunələrlə oxucuları sevindirəcəyinə inanırıq.

Seçilən
104
1
azertag.az

2Mənbələr