AZ

Deputatların pensiya hüququ ləğv olundu

Yazını böyüt
Yazını kiçilt

Tarixinin ən ağır iqtisadi böhranı ilə mübarizə aparan Şri-Lankada parlament öz üzvlərinin pensiyalarını ləğv edən qanun layihəsini qəbul edib. Millət vəkillərinin pensiyalarını ləğv edən qanun layihəsi 225 yerlik parlamentdə səsverməyə çıxarılıb və 154 “bəli” ilə qəbul edilib, yalnız iki millət vəkili “yox” deyib.

Hafta.az yazır ki, digər üzvlər bitərəf qalıb. Yeni qaydaya əsasən, hazırda bu pensiyanı alan və ya almaq hüququ olanlara ödənişlər də dayandırılacaq.

Ədliyyə naziri Harşana Nanayakara qanun layihəsini parlamentə təqdim edərkən bildirib ki, ölkə hələ də iqtisadi böhrandan çıxmağa çalışarkən millət vəkillərinin pensiya almaq üçün “mənəvi cəhətdən heç bir hüququ yoxdur”. Şri-Lanka prezidenti Anura Kumara Dissanayake 2024-cü il seçki kampaniyası zamanı millət vəkillərinin pensiyalarını ləğv edəcəyinə söz vermişdi. 2024-cü ilin sentyabr ayında hökumət ictimaiyyətin tələbindən sonra keçmiş prezidentə verilən mənzil, nəqliyyat, müavinətlər və pensiyalar kimi imtiyazları da ləğv edib.

Şri-Lanka 2022-ci ilin aprel ayında 83 milyard dolları keçən borcunu ödəməkdən imtina edib və bu da ərzaq, yanacaq və dərman çatışmazlığına, eləcə də elektrik kəsintilərinə səbəb olub. Böhran etirazlara səbəb olub və o vaxtkı prezident Qotabaya Rajapaksa istefa verərək ölkəni tərk edib.

2023-cü ildə ölkə Beynəlxalq Valyuta Fondu (BVF) ilə 2,9 milyard dollarlıq yardım müqaviləsi imzalayıb və borcun restrukturizasiyası prosesinin başa çatdığını elan edib. Şri-Lanka hökuməti təxminən 17 milyard dollarlıq borc xidməti yükünün azaldılmasına nail olmağı hədəfləyir.

Seçilən
34
hafta.az

1Mənbələr